
Bakı. Trend:
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Türkiyənin
Ortadoğu Texniki Universiteti (OTDÜ), Rusiyanın Ufa Dövlət Neft
Texnologiyaları Universiteti (USPTU) və Özbəkistan Elmlər
Akademiyasının Fizika-Texniki İnstitutunun (PhTI) birgə əməkdaşlığı
ilə keçirilən “Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri”
adlı I beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
Konfransın açılışında UNEC-in Elm və innovasiya məsələləri üzrə
prorektoru, professor Rövnəq Rzayev çıxış edərək bildirib ki,
Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdiyi bir dövrdə
mühəndislik yönümlü tədqiqatların strateji əhəmiyyəti xüsusilə
artır. O qeyd edib ki, konfransın məqsədi yüksək texnoloji
sahələrdə aparılan fundamental tədqiqatların nəticələrini müzakirə
etmək, onların real sektorda tətbiq imkanlarını qiymətləndirmək və
dayanıqlı iqtisadi artıma xidmət edən yeni elmi platforma
yaratmaqdır.
Professor R.Rzayev əlavə edib ki, tədbirə dünyanın 27
ölkəsindən, eləcə də Azərbaycanın 48 ali təhsil, elmi-tədqiqat və
sənaye müəssisəsindən ümumilikdə 600-ə yaxın tezis təqdim olunub.
Dəyərləndirmələr nəticəsində 350 tezis konfransda təqdim edilmək
üçün qəbul edilib. Seçilmiş məqalələr ekspert qiymətləndirməsindən
sonra Springer nəşriyyatının “Atlantis Press” bölməsində “Advances
Engineering Research” seriyasında, həmçinin Scopusda indekslənən
UNEC JEAS və Özbəkistan tərəfdaşlarının “Applied Solar Energy”
jurnallarında dərc olunacaq.
Konfransın həmsədri, Rusiyanın Ufa Dövlət Neft Texnologiyaları
Universitetinin professoru Ramil Baxtizin tədbirin qlobal
mühəndislik problemlərinin müzakirəsi üçün əhəmiyyətli platforma
olduğunu vurğulayaraq, konfrans iştirakçılarına uğurlar
arzulayıb.
AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxışında
elmin müasir çağırışların həllində artan rolundan, texnologiyanın
ali təhsilə təsirindən və UNEC-in bu sahədə mühüm töhfələrindən
danışıb. O, konfransın nəticələrinin mühəndislik və tətbiqi
elmlərin inkişafına yeni stimul verəcəyini bildirib.
Tədbirdə Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru
akademik Vaqif Abbasov, Kimya elmləri doktoru professor Adil
Qəribov, Veysəloğlu Şirkətlər Qrupunun baş direktor müavini İlqar
Nuri UNEC-in mühəndislik və tətbiqi elmlər sahəsində yaratdığı
çoxşaxəli elmi mühitin üstünlüklərini qeyd ediblər, bildirilib ki,
bu tip elmi konfranslar elmin inkişafında, yeni biliklərin
mübadiləsində və tədqiqatçıların bir araya gəlməsində xüsusi rol
oynayır.
Konfrans mövzu üzrə panel müzakirələrlə davam edib.
bp şirkəti və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə
keçirilən beynəlxalq konfrans noyabrın 29-da öz işini başa
vuracaq.

