
Bakı. Trend:
Əczaçılıq sənayesinin inkişafı Azərbaycan hökumətinin
prioritetlərindən biridir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya
Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa
çatdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, həm Azərbaycanın, həm də İordaniyanın
iqtisadi potensialı layihələrdən geniş istifadə edilməsinə imkan
yaradır:
“Bu gün Azərbaycan əczaçılıq sənayesinin inkişafında maraqlıdır.
İordaniyada bu sənaye kifayət qədər inkişaf edib. Əczaçılıq
sənayesinin inkişafı üçün İordaniya ilə birlikdə müştərək
layihələrin həyata keçirilməsi müzakirə edildi. Əczaçılıq
sənayesinin inkişafı Azərbaycan Hökümətinin prioritetlərindən
biridir. Bununla bağlı silsilə tədbirlər həyata keçirilir.
İordaniya əczaçılıq sahəsində böyük istehsala malikdir. İordaniya
Azərbaycanla da istehsal sahəsində əməkdaşlığa maraqlıdır.
Aidiyyatı şirkətlər və qurumların iştirakı ilə müzakirələr
aparılacaq, bu sahədə atılacaq addımlar müəyyənləşdiriləcək”, –
deyə o əlavə edib.

