
Bakı. Trend:
Azərbaycanla İordaniya hökumətləri arasında Hökumətlərarası
Komissiyanın növbəti 4-cü iclası keçirildi. İclas çərçivəsində
ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərini
müzakirə etdik. Eyni zamanda, müzakirələr çərçivəsində növbəti
addımlarımızı da müəyyən etdik.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev Bakıda Azərbaycan Respublikası Hökuməti və İordaniya
Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki
Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası başa
çatdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanla İordaniya arasında
investisiya sahəsində, iqtisadi əməkdaşlıq, turizm, nəqliyyat
sahəsində, hava nəqliyyatı, tranzit nəqliyyatı, humanitar əlaqələr
sahəsində növbəti addımlar müəyyənləşdirilib:
“Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bizim aramızda ticarət
dövriyyəsi 24 faizə qədər artıb. İordaniyadan Azərbaycana turizm
axını da ötən illə müqayisədə artıb. Lakin əsas rəqəmlərin özünə
baxdıqda bunun potensialımızdan geri olduğunu düşünürük. Həmkarımla
Azərbaycanla İordaniya arasında yüksək səviyyədə olan siyasi
əlaqələrimizin, ölkə rəhbərləri arasında olan geniş siyasi
dialoqun, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da
inkişafı üçün atılmalı olan addımları müzakirə etdik. Komissiyanın
iclasının nəticəsi olaraq əməkdaşlığımızın növbəti adımlarını
müəyyənləşdirən protokol, tədbirlər planı imzalandı. Bunun
çərçivəsində növbəti dövrdə bu əməkdaşlığın genişləndirilməsi
istiqamətində hökümət qurumları, eyni zamanda biznes dairələrimizin
bir-birinə daha sıx təması üçün müvafiq proqramlar görüləcək. Bu
günkü iclas çərçivəsində həmçinin 5 sənəd də imzalandı”.

