
Bakı. Trend:
12-ci iclas çərçivəsində üzərində işlədiyimiz fəaliyyət planını
müzakirə etdik. Fəaliyyət planı çərçivəsində təşkilata üzv
dövlətlərin üçtərəfli görüşləri, media forumları və müxtəlif
istiqamətlər üzrə səfərlərin təşkili məsələlərini nəzərdən
keçirdik.
Trend xəbər
verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr
və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Türk
Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə İşçi Qrupunun
12-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
R.Bağırov bildirib ki, iclasda tərəflər hər biri öz ölkələrində
media sahəsində həyata keçirdikləri fəaliyyətlər və
dezinformasiyaya qarşı apardıqları tədbirlər barədə məlumat
veriblər:
“Eyni zamanda imzalanmış müxtəlif sənədlər, TDT çərçivəsində
fəaliyyət göstərən sahələr və platformaların hazırkı vəziyyəti,
həmçinin gələcək planları müzakirə olundu. Azərbaycan üçün TDT-yə
üzv ölkələrlə əməkdaşlıq prioritet məsələlərdən biridir. Həmin
dövlətlərlə sıx əlaqələrimiz mövcuddur”.
Direktor xatırladıb ki, Azərbaycan və Özbəkistan arasında “Yol
xəritəsi” adlı sənəd artıq mövcuddur.
“Bu sənəd çərçivəsində bir sıra tədbirlər keçirilib və həmin
tədbirlər qarşılıqlı xarakter daşıyır”, – deyə o vurğulayıb.
MEDİA rəsmisi qeyd edib ki, Azərbaycan türk dövlətləri ilə media
sahəsində əməkdaşlığı davamlı və sıx şəkildə irəlilətməkdə
maraqlıdır.

