UN-Habitat İcraiyyə Şurasının 3-cü sessiyası işini başa çatdırıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü
sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin başçılıq
etdiyi nümayəndə heyətinin iştirakı ilə Keniya Respublikasının
Nayrobi şəhərində keçirilən BMT-nin Məskunlaşma Proqramının
(UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyası işini başa
çatdırıb.

Komitədən Trend-ə verilən məlumata görə, iki gün davam edən
tədbir çərçivəsində nümayəndə heyətləri və Keniyada akkreditə
olunmuş diplomatik missiyaların rəhbər şəxsləri üçün brifinq təşkil
olunub.

200-dən çox nümayəndənin təmsil olunduğu tədbirdə 2026-cı ilin
17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13-ün mahiyyəti,
hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər və
fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə
ətraflı məlumat verilib.

Brifinqdə çıxış edən Anar Quliyev “Hər kəs üçün yaşayış yerləri:
təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda
keçiriləcək WUF13-ün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq
əməkdaşlığı gücləndirmək, Azərbaycanın beynəlxalq tərəfdaşlarla
birgə qlobal proseslərə töhfələrinin təqdim olunması baxımından
əhəmiyyətini vurğulayıb. O, Forum tarixində ilk dəfə olaraq dövlət
və hökumət başçılarının iştirakı ilə Liderlərin Zirvə Görüşünün
keçiriləcəyini diqqətə çatdırıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru
Anaklaudia Rossbax Foruma hazırlıq prosesi ilə bağlı Azərbaycan
Hökumətinə təşəkkür edib, ölkəmizin qlobal şəhər gündəliyinə
sadiqliyini və nümunəvi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd
edib ki, WUF13 bütün tərəfdaşların hər kəs üçün layiqli mənzil
təmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm mərhələ olacaq.




Brifinqdən sonra mətbuat nümayəndələri ilə görüş keçirilib və
WUF13-lə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sessiyanın gündəliyi çərçivəsində BMT-nin Məskunlaşma Proqramı
Assambleyasının “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə
Hökumətlərarası İşçi Qrupun ötən ay 2025-2026-cı illər üzrə
həmsədrləri seçilən Azərbaycan və Somalinin adından Azərbaycan
nümayəndə heyətinin başçısı Anar Quliyevin məruzəsi dinlənilib.
Məruzədə həmsədrlik dövrü ərzində bu prosesin irəli aparılması
planları barədə məlumat verilib.

Həmçinin WUF13-ün ev sahibi Azərbaycanın adından sessiyada
iştirak edən nümayəndə heyətləri və diplomatik korpusun rəhbərləri
üçün rəsmi qəbul təşkil edilib. Sessiya ərzində Anar Quliyev digər
ölkələrdən iştirak edən nümayəndə heyətlərinin başçıları ilə
müxtəlif müzakirələr də keçirib.

İki gün ərzində UN-Habitatın mənzil-qərargahında qurulan
WUF13-ün tanıtım stendi ziyarətçilər tərəfindən maraqla
qarşılanıb.

Qeyd edək ki, tədbirlərdə Azərbaycanın Keniya və Konqoda
(Brazzaville) fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidə
daimi nümayəndəsi Sultan Hacıyev, Azərbaycan Respublikasının
Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi və Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin təmsilçiləri iştirak
ediblər.