
Bakı.Trend:
Nəqliyyatın idarə edilməsinin təkmilləşdirilməsi işləri
çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)
tərəfindən paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin
yenidən təşkili ilə bağlı layihə həyata keçiriləcək.
Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, bu küçədə darboğaz effekti nəqliyyat şəraitini
çətinləşdirir. Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid
Behbudov küçəsi istiqamətində nəqliyyat vasitələrinin düzünə
hərəkəti zamanı nəqliyyat axınları 3 hərəkət zolağından 2 hərəkət
zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxıcılıq
qabiliyyətini aşağı salır və sıxlığa səbəb olur.
Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə
burada yeni layihə icra olunacaq.
Abbasqulu ağa Bakıxanov küçəsində zolaqların silinərək yenidən
təşkil edilməsi ilə Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid
Behbudov küçəsi ilə kəsişməyə qədər hərəkət zolaqlarının sayı 2-dən
3-ə çatdırılacaq. Əks istiqamətdə isə zolaqların sayı eyni
saxlanılacaq.
Dəyişiklikdən sonra darboğaz effekti aradan qaldırılacaq,
nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.

