Rusiya Dəmir Yollarının rəsmisi Şimal-Cənub dəhlizinin inkişaf perspektivləri barədə danışıb

Baş səhifə

Bakı. Trend:

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi yalnız Azərbaycan və
Rusiya arasında deyil, həmçinin Gürcüstan və İran da daxil olmaqla
regionun digər ölkələri ilə yükdaşımaların artmasına töhfə
verir.

Trend xəbər verir
ki, bunu Rusiya Dəmir Yollarının baş direktorunun müavini Sergey
Pavlov Bakıda keçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü
iclası çərçivəsində jurnalistlərə açıqlamasında
deyib.

Onun sözlərinə görə, Şimal–Cənub dəhlizinin inkişafına dair
saziş imzalanıb və bu sənədə əsasən həm Rusiya, həm də Azərbaycan
tərəfi infrastrukturun inkişafı ilə bağlı qarşılıqlı öhdəliklər
götürüb.




“Bu iş hazırda imzalanmış sənədlərə tam uyğun şəkildə aparılır.
Bu da bizə yaxın gələcəkdə yalnız ölkələrimiz arasında deyil, həm
də digər dövlətlərlə, o cümlədən Gürcüstan və İranla yükdaşımaların
həcmini artırmaq imkanı verir”, – deyə o bildirib.

S. Pavlov həmçinin qeyd edib ki, Azərbaycan vasitəsilə
Ermənistana tranzitin açılması həm Rusiya, həm də Azərbaycan dəmir
yolları üçün yeni imkanlar yaradır.

“Bu, çox yaxın vaxtlarda baş verib. Biz, ilk sınaq daşımasını
həyata keçirdik və bu marşrutun həm yük göndərənlər, həm də
müştərilər üçün səmərəli olduğunu göstərdi”, – deyə o əlavə
edib.