Mənzillərin fiziki şəxslərə kirayəyə verilməsindən tutulan vergi dərəcəsi optimallaşdırılır

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün
optimallaşdırılması və “kölgə iqtisadiyyatı”na qarşı mübarizənin
gücləndirilməsidir.

Trend bu barədə
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən
xəbər verir.

Bildirilib ki, dəyişikliklərin əsaslandırılması ictimaiyyətə
hissə-hissə təqdim edilir.

Qeyd olunub ki, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə
verilməsi vergiyə cəlb edilən əməliyyat olsa da, bu sahədə
qeyri-rəsmi əməliyyatlar mövcuddur. Prosesin rəsmiləşməsi məqsədilə
inzibatçılığın sadələşdirilməsi və kirayə gəlirləri üzrə vergi
yükünün azaldılması nəzərdə tutulur.




Xatırladılıb ki, 2025-ci il yanvarın 1-dən etibarən kirayə
gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota durmadan
agent (hüquqi və ya fiziki şəxs) müəyyən etmək və vergi
öhdəliklərini yerinə yetirilmək vəzifəsini həmin şəxsə həvalə etmək
hüququ verilib.

Kirayə bazarı üzrə “ağarmaya” və könüllü əməletməyə nail olmaq
məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki
şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi
dərəcəsinin optimallaşdırılaraq 14%-dən 10%-ə endirilməsi nəzərdə
tutulur. Bu, vergi yükünün təxminən 30 faiz azalması deməkdir.

Sahibkarlıq fəaliyyəti çərçivəsində icarəyə verilən, yaxud
hüquqi şəxslərə kirayəyə verilən əmlaklar üçün isə 14%-lik vergi
dərəcəsi dəyişməz qalır.

Dəyişikliyin məqsədi vergidən yayınma hallarının qarşısını
almaq, fiziki şəxslərə məxsus yaşayış sahələri üzrə kirayə
müqavilələrinin və bu müqavilələr üzrə əməliyyatların
rəsmiləşdirilməsini təşviq etməkdir.