“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holdinq şirkətlərindən
olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz
istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam
edir.

Layihənin məqsədi şagird və müəllimlər arasında internetdən
düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal
savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma
mədəniyyətinin inkişaf etdirilməsidir.

Layihə çərçivəsində növbəti təlim Qusar rayonu Hil kənd tam orta
məktəbində keçirilib. Korporativ sosial məsuliyyət layihələri
çərçivəsində keçirilən tədbirdə “Aztelekom”un mütəxəssisləri
tərəfindən şagird və müəllim heyətinə şəxsi məlumatların qorunması,
sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma
üsulları və məsuliyyətli internet istifadəsi mövzularında
məlumatlar təqdim olunub.




İki gün davam edən sessiyalar interaktiv formada təşkil olunaraq
real vəziyyətlər üzərində praktiki müzakirələrlə müşayiət edilib.
Təlimlərə, həmçinin Qusar rayonunun qonşu kənd məktəblərinin –
Yasab və Piral kəndlərinin müəllim və şagirdləri də qatılıblar.

Layihə çərçivəsində növbəti təlimlərin ölkənin digər
bölgələrində də keçirilməsi planlaşdırılır.