Azərbaycan və Qazaxıstan arasında kapital bazarları ilə bağlı əməkdaşlıqda böyük irəliləyiş olacaq.
“Report” xəbər verir ki, bunu Qazaxıstanın “Samruk-Kazyna” Milli Rifah Fondunun nümayəndəsi Balım Jasıbek Bakıda keçirilən “Caspian İnvestment Forum”da bildirib.
Onun sözlərinə görə, Azərbaycan çox strateji mövqedə – Xəzər dənizinin sahilində yerləir, ölkənin inkişaf etmiş nəqliyyat, telekommunikasiya və sənaye sektorları var: “Düşünürəm ki, bu, Qazaxıstan üçün də çox cəlbedicidir. Məsələn, bu yaxınlarda Azərbaycan Prezidentinin Qazaxıstana səfəri zamanı “Samruk Kazına” ilə şirkətlərini açıq bazara çıxarmaq istəyən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu mübadilə edilib, əməkdaşlığa başlanılıb.
Biz onsuz da birlikdə bəzi investisiya layihələrini həyata keçirmək üçün əməkdaşlıq edirik. Biz həmçinin böyük institusional investorlar olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan İnvestisiya Holdinqi ilə əməkdaşlığı inkişaf etdiririk. Buna görə də, Azərbaycanın strateji şirkətlərini Qazaxıstan xalqı ilə tanış etmək, əməkdaşlığa doğru daha bir addım olacaq, xalqımızın Azərbaycan şirkətlərinə olan marağını artıracaq. Beləliklə, düşünürəm ki, gələcəkdə bu, böyük irəliləyiş olacaq”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

