Bakıda yanğınlar niyə artıb? –

Baş səhifə

Bakıda yanğınların sayı son aylarda nəzərəçarpacaq dərəcədə artıb. Demək olar ki, hər gün paytaxtın müxtəlif ərazilərində yaşayış binalarında yanğın və ya partlayış halları müşahidə olunur. Bəs bu hadisələrə daha çox qısaqapanmalar səbəb olur, yoxsa başqa amillər?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi ilə bağlı qaydalara, təlimatlara və normativ standartlara ciddi riayət etməlidirlər:

“Obyektin spesifikasına uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri, yanğın xəbərdaredici siqnalizasiya sistemləri, yanğın dolabları və şitləri, ehtiyat su çəni, təxliyə yolları, təhlükəsiz toplanış yerləri və yanğın təhlükəsizliyinə dair rejim mütləq təmin edilməlidir. Bu avadanlıqlar daim saz vəziyyətdə saxlanılmalı, hər hansı təmir və ya nasazlığın aradan qaldırılması isə yalnız ixtisaslaşmış müəssisələr tərəfindən həyata keçirilməlidir”.

E.Nurəliyev qeyd edib ki, yanğın hadisələri fövqəladə hallardır və onlardan 100% sığortalanmaq mümkün deyil. Lakin önləyici tədbirlərin görülməsi, normativ standartlara uyğun təchizatın qurulması, işçilərin bilik və bacarıqlarının artırılması bu kimi qəzalardan minimal zərərlə çıxmağa imkan yaradır:

“Bu səbəbdən təyinatından asılı olmayaraq bütün obyektlər — çoxmənzilli yaşayış binaları, iş yerləri, zavodlar, fabriklər, bazarlar, ticarət mərkəzləri və digər yerlər yanğın təhlükəsizliyi tələblərinə ciddi şəkildə əməl etməlidir. Yanğınların böyük əksəriyyətinin elektrik qısaqapanması səbəbindən baş verdiyini nəzərə alsaq, obyektlərdə elektrik təsərrüfatının mütləq saz vəziyyətdə olması vacibdir. Elektrik şəbəkəsinin normadan artıq yüklənməməsinə diqqət edilməlidir. Elektrik təsərrüfatı ixtisaslaşmış müəssisə tərəfindən yoxlanılmalı və sınaq protokolu tərtib edilməlidir ki, mövcud nasazlıqlar vaxtında aradan qaldırılsın. Elektrik təsərrüfatının daima saz vəziyyətdə saxlanılması hər bir müəssisənin və iş yerinin əsas öhdəliklərindən biridir”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.