
Bakı.Trend:
Müstəqillik əldə etdikdən sonra Qazaxıstan neft sənayesində
ciddi problemlərlə üzləşib.
Trend xəbər
verir ki, bunu Qazaxıstan Polimer Materiallar və Texnologiya
İnstitutunun EOR Mərkəzinin rəhbəri Marat Sağındıkov bu gün Bakıda
keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.
O, əvvəlcə Qazaxıstanın neft sənayesi və iqtisadi
tənzimləmələrdəki çətinliklərdən danışıb:
“1960–1970-ci illərdə Qazaxıstan nefti əsasən Sovet İttifaqının
daxili bazarı üçün istehsal olunurdu. Ölkədə neft emalı zavodları
yox idi və istehsal olunan neft Omsk və Samara (Rusiya)
istiqamətinə boru kəmərləri vasitəsilə daşınaraq orada emal
olunurdu. Qazaxıstanın neftini qlobal bazara çıxaran bir boru
kəməri mövcud deyildi və dünya bazarına çıxan bütün neft Rusiyadan
təmin olunurdu”.
O bildirib ki, müstəqillik əldə etdikdən sonra Qazaxıstan ciddi
problemlərlə üzləşdi:
“Həmin dövrdə Energetika naziri və daha sonra Baş nazir olmuş
Balgimbay Nurman ölkəyə gələn investorlara, məsələn, “Chevron”,
ENI, “Shell”, “Lukoil” və digərlərinə qarşı böyük çətinliklərin
neftin qlobal bazara daşınması olduğunu bildirdi. Bu problemi həll
etmək üçün yeni nəqliyyat xətti – KTК (Kaspian boru kəməri)
tikildi. Bununla yanaşı, ölkənin öz neft emalı sahəsi hələ də
Rusiyanın zavodlarına bağlı qaldı”.
O qeyd edib ki, Sovet İttifaqı dağılsa da, təchizat zənciri
dəyişmədi və nəticədə Qazaxıstanın daxili bazarı üçün xam neft
çatışmazlığı yarandı:
“Ölkənin neft sənayesi dövlət tərəfindən ciddi şəkildə
tənzimlənir. Kashagan, Tengiz və Karachaganak kimi böyük layihələr
istisna olmaqla, ölkədəki təxminən 150 neft yatağı və 50-dən çox
operator, nefti yerli emal zavodlarına dünya bazar qiymətlərindən
üç dəfə ucuz qiymətlərlə təmin etməyə məcburdur. Bu səbəbdən qaz
stansiyalarında yanacaq qiymətləri Azərbaycanın qiymətlərindən iki
dəfədən, Özbəkistanın qiymətlərindən isə üç dəfə ucuzdur və Avropa
bazarının qiymətlərindən dörd dəfə aşağıdır.
Bu qiymətlər operatorların gəlirlərini ciddi şəkildə azaldır və
maliyyələşdirmə problemlərinə səbəb olur. Hətta adi əməliyyatlar,
məsələn, quyuların təmiri və işlərin yenilənməsi də maliyyə
çatışmazlığı səbəbindən çətinliklərlə üzləşir, çünki bütün
avadanlıq və işçi maaşları xarici valyuta ilə ödənilir”.
Marat Sağındıkov vurğulayıb ki, əsas problem iqtisadiyyat və
tənzimləmələrdir:
“Hökumət bu məsələlərin fərqindədir, lakin sosial təzyiqlər
səbəbindən məsələnin həlli çətindir. Məsələn, 2022-ci ilin
yanvarında LNG qiymətlərini artırmaq cəhdi ölkədə ciddi etirazlara
səbəb olmuşdu. Bu, neft və qaz qiymətlərinin həm sosial, həm də
qlobal bazar qaydalarına uyğun tənzimlənməsi məsələsini həqiqətən
çətinləşdirir.
Bu problemlər yalnız Qazaxıstana xas deyil, bənzər çətinliklər
digər ölkələrdə də mövcuddur və həlli asan görünmür”.

