Neft-qaz erasının sonu təxirə salınır. Qərbin yeni proqnozu Trampın, Rusiyanın və OPEK-in xeyrinədir

Baş səhifə
Neft platforması

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Aleksey Kalmıkov
    • Vəzifə, BBC

Neft və qazın “qürub çağı” təxirə salınır, bunu Qərb artıq etiraf edib. Enerji resurslarının idxalçısı olan zəngin ölkələr indiyə qədər hesab edirdilər ki, dünya yaxın illərdə yanacaq istehlakını artırmağı dayandıracaq. Lakin bu həftə proqnozlar yenidən gözdən keçirildi — bu isə əsas ixracatçıları, yəni Rusiyanı, Səudiyyə Ərəbistanını və Donald Trampın hakimiyyəti dövründə neft və qaz sektoruna arxalanan ABŞ-ı sevindirir.

Lakin IEA-nın (Beynəlxalq Enerji Agentliyi) yeni ssenarilərindən göründüyü kimi, Qərb ölkələri üçün də vəziyyət o qədər də pis deyil.

Dünyada neft kifayət qədərdir, qaz isə daha da çoxdur. Bu o deməkdir ki, yaxın aylarda benzinin ucuzlaşması, yaxın illərdə isə qazın, elektrik enerjisinin və istiliyin qiymətinin enməsi gözlənilir.

Mütəxəssislərin bir qismi hesab edir ki, bütün bunlar Avropaya onilliyin sonuna kimi Rusiyadan enerji asılılığını tam aradan qaldırmağa kömək edəcək.

Digərləri isə düşünür ki, yeni proqnoz, əksinə, Rusiyaya və digər enerji dövlətlərinə ümid verir, çünki onların əsas məhsuluna yaxın gələcəkdə də tələbat davam edəcək.

Son beş ildə IEA dünyaya neft istehlakının tezliklə zirvəyə çatacağını, bir az sonra isə qaz istehlakının da maksimuma yüksələcəyini proqnozlaşdırırdı.

Bu isə Qərbə Rusiya, İran, Venesuela və Səudiyyə Ərəbistanı kimi neft avtokratlarından asılılığı azaltmağa, eyni zamanda atmosferə buraxılan tullantıları aşağı salmağa imkan verəcəkdi ki, iqlim fəlakətinin qarşısı alınsın.

Lakin bu il IEA “mahnısını dəyişdi”. Niyə?

Putin, sanksiyalar və Tramp

IEA rəhbəri Fatih Birol mətbuat konfransında bildirdi ki, son bir ildə dünya köklü şəkildə dəyişib.

Avropa və ABŞ Rusiyanın Ukraynaya hücumunu dayandırması üçün Rusiya neftinə qarşı sanksiyaları genişləndirib və hazırda Rusiyanın təbii qazına embarqo hazırlayır.

Bu fonda Qərb ölkələrinin bəziləri əvvəlki planlarını — fosil yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçidi — yumşaltmağa məcbur qaldılar.

ABŞ-da isə hakimiyyətə yenidən Donald Tramp qayıtdı və “qaz, balam, qaz!” şüarı altında Co Bayden dövründə qəbul edilmiş “yaşıl” islahatları və subsidiyaları ləğv etdi.

Trump və İlon Mask

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Avtomobil nəqliyyatı dünya üzrə neftə olan tələbatın 45 faizini təşkil edir. Trampın elektromobillərə verilən subsidiyaları azaltmaq qərarı neft şirkətlərinin maraqlarına uyğundur. Halbuki, hələ yaxın vaxtlara kimi o, İlon Maskla dostluq edir, onun Tesla Model S avtomobilinin təqdimatını Ağ Ev çəmənliyində təşkil edirdi.

“Enerji siyasəti dəyişir. ABŞ hakimiyyəti neft hasilatı sektoruna və atom energetikasına dəstəyi genişləndirib, eyni zamanda külək və günəş enerjisinə, həmçinin elektromobil alınmasına ayrılan subsidiyaları azaldıb.

Digər bir sıra ölkələr isə ötən il enerji təhlükəsizliyini təmin etmək naminə öz kurslarını dəyişdilər”, – deyə IEA-nın (Beynəlxalq Enerji Agentliyi) yeni hesabatında bildirilir.

Trampın islahatları əsas səbəb deyil. Varlanan Asiya daha önəmlidir.

Dünya hər il daha çox enerji istehlak edir (əsrin əvvəlindən bəri +60%) və artımın yeganə hərəkətverici qüvvəsi inkişaf etməkdə olan iqtisadiyyatlardır, xüsusən Çin və digər Asiya ölkələri.

Bununla yanaşı, inkişaf etmiş ölkələrdə enerji istehlakı 2007-ci ildə zirvəyə çatıb və IEA-nın fikrincə, ən azı 2035-ci ilə qədər bu göstəricini keçməyəcək.

günəş təyyarə

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Asiyada insanlar daha çox qazanır və daha tez-tez uçurlar. IEA-nın izahına görə, bu da neftə olan tələbatın artmasının səbəblərindən biridir.

Hazırda inkişaf etməkdə olan ölkələr dünyada bütün neft və qaz ixracının 45%-ni alırlar, 2035-ci ilə qədər isə onların payı 60%-ə yüksələcək.

Buna görə IEA-nın yeni ssenarilərində neftə olan tələbat əvvəl güman edildiyi kimi bir neçə il ərzində deyil, təxminən 2030-cu ilə qədər artmağa davam edəcək.

Daha sərt ssenaridə, yəni indiki enerji siyasəti, demək olar dəyişməz qaldıqda, neftə olan tələbat 2050-ci ilə qədər artmağa davam edəcək.

Bu halda qaz tələbatı 2050-ci ildən sonra da artacaq, lakin iqtisadiyyatın “yaşıl” şəkildə uğurla yenidən qurulması baş versə belə, qaz yenə də geniş istifadə olunacaq.

Çünki ABŞ və Qətərdə başda olmaqla artıq başladılmış bütün LNG (mayeləşdirilmiş təbii qaz) layihələri həyata keçirilsə, qiymətlər aşağı düşəcək.

IEA xəbərdarlıq edir ki, qaz tələbatının pik nöqtəsi ən yaxşı halda 2030-cu illərin sonuna qədər gözlənilmir.

“Reallıqla toqquşma”

Qərbdə tonun dəyişməsi neft və qaz sənayesini sevindirdi. Neft ixrac edən ölkələr təşkilatı OPEK məmnunluğunu gizlətmədi və “biz sizi xəbərdar etmişdik” ruhunda xüsusi bəyanat yaydı.

“2023-cü ilin sentyabrında IEA bütün dünyaya elan etmişdi ki, neft, qaz və kömür keçmişdə qalıb, – bəyanatda deyilir. – İki il sonra isə IEA-nın cəsarətli fərziyyələri reallıqla üzləşdi”.

Neft və qazın əsas istehlakçısı olan zəngin ölkələr IEA-nı 1973–74-cü illərin genişmiqyaslı şokundan sonra — ərəb ölkələrinin Yom Kippur müharibəsində (1973) İsrailə dəstək verdiyinə görə Qərbə qarşı neft embarqosu tətbiq etdiyi vaxt — yeni enerji böhranının qarşısını almaq məqsədilə yaratmışdılar.

Bu böhranın təkrarlanmaması üçün IEA hər il enerji sahəsində “yeni qiyamət günü” ssenariləri hazırlayır.

Qərb ölkələrinin hakimiyyətləri enerji siyasətini müəyyənləşdirərkən, biznes isə kapital və investisiya bölüşdürərkən bu ssenarilərə əsaslanır.

Əgər IEA deyirsə ki, neft tezliklə heç kimə lazım olmayacaq, hakimiyyət yeni yataqların işlənməsi üçün lisenziya verməyə həvəssiz olur, banklar isə neft-qaz layihələrinə kredit ayırmırlar.

Lukoyl-un Xəzər dənizində platforması

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Analitiklərin fikrincə, əgər və nə vaxt sanksiyalar götürülsə, Avropada da Rusiya nefti və qazı üçün yer tapılacaq, çünki tələbat artmaqda davam edəcək.

OPEK isə ümid edir ki, indi pul sel kimi axacaq.

Qərb isə neftlə zəngin avtokratik ölkələrin şeyxləri, generalları və ömürlük prezidentləri ilə münasibətləri qorumağa məcbur olacaq.

“Biz ümid edirik ki, IEA-nın yeni ssenarisi enerji sahəsində real vəziyyətin ayıq təhlilinə qayıdışı ifadə edir və “neft piki” haqqında yanlış təsəvvürü göstərir”, – deyə OPEK-in müraciətində bildirilir.

Avropa üçün yaxşı xəbərlər. Elə Rusiya üçün də

“Rusiyanın Avropaya boru qazı tədarükünü azaltmasından sonra mayeləşdirilmiş təbii qaz (LNG) dünya qaz bazarında əsas məhsula çevrildi”, – IEA qeyd edir.

Və bu məhsulun həcmi getdikcə artır.

IEA proqnozlaşdırır ki, 2030-cu ilə qədər yalnız artıq təsdiqlənmiş və icra edilən layihələr hesabına LNG təklifi 1,5 dəfə artacaq. Bu, hazırkı təklifə əlavə 300 milyard kubmetr deməkdir: Rusiyanın qaz müharibəsinə qədər Avropaya ildə tədarük etdiyi 150 milyard kubmetrin iki misli.

Ukraynaya müdaxilədən sonra qaz bazarında Rusiyanın yerini ABŞ tutdu. Yeni LNG istehsal güclərinin yarısı məhz ABŞ-da istifadəyə veriləcək. Təxminən 20 faizi Qətərdə, qalanı isə Kanadada, Avstraliyada və digər ölkələrdədir.

Bu, Avropa üçün sərfəlidir, çünki illərlə davam edən qaz müharibəsindən sonra elektrik və istilik qiymətlərinin enməsini və sənayenin dirçəlişini vəd edir.

Hamıya yer çatacaqmı?

“Yaxınlaşan LNG bolluğu Avropanın enerji təhlükəsizliyinə çox müsbət təsir edəcək, – deyə Kolumbiya Universitetinin Beynəlxalq Enerji Siyasəti Mərkəzindən Akoş Los bildirib. – Bu, həmçinin müəyyən ümid yaradır ki, Avropa Rusiyanın qazından imtina üçün planlaşdırılmış müddətə ciddi bazar şokları olmadan tab gətirə biləcək”.

“Hamıya yer çatacaq” fikriylə Vud Makenzi şirkətinin Avropa qaz bazarı üzrə baş analitiki Tom Marzek-Manser razılaşmır. Xüsusilə də müharibə bitərsə və sanksiyalar tədricən götürülərsə.

“Mən Aİ-nin 2028-ci ilə qədər Rusiya boru qazından tam imtina planlarına bir qədər şübhəylə baxıram”, – o bildirib.

ABŞ-ın təzyiqinə baxmayaraq, məhz Tramp öz müttəfiqi Viktor Orbana Macarıstan və Slovakiya üçün Rusiya neftinin tədarükünə qoyulan sanksiyalardan Mol şirkətinə istisna edib.

Eyni vəziyyət 2030-cu ildən sonra Yamal-dan Rusiyanın mayeləşdirilmiş qaz tədarükü ilə də baş verə bilər, Marzek-Manser hesab edir. Çünki hazırkı bolluq dalğasından sonra qaz çatışmazlığı və qiymət artımı gələcək və əgər o vaxta qədər müharibə başa çatsa, Rusiya qazı heç vaxt olmadığı qədər sərfəli olacaq.