Bakı. Trend:
“Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə
haqqın məbləğinin müəyyən edilməsi Qaydası” təsdiq edilib.
Trend-in
məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun
Məmmədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bu Qayda dövlət tərəfindən yaradılan aqroparkın
idarə olunmasına görə haqqın məbləğinin müəyyən edilməsi qaydasını
müəyyən edəcək.
Dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə
haqqın (bundan sonra – haqq) məbləğinə dövlət tərəfindən yaradılan
aqroparkın infrastrukturunun, ümumi istifadədə olan ərazilərinin
saxlanılması xərcləri daxildir və bu xərclər həmin aqroparkın
rezidentləri tərəfindən ödəniləcək.
Haqqın məbləği dövlət tərəfindən yaradılan aqroparkın
rezidentlərinə göstərilən xidmətlərin həcmindən asılı olaraq
müəyyən ediləcək.
Haqqın məbləği əlavə dəyər vergisi nəzərə alınmaqla, hər hektar
torpaq sahəsinə görə və illik müəyyən olunacaq.
Haqq dövlət tərəfindən yaradılan aqroparkda rezidentlərin
yaratdıqları təsərrüfatlardan fayda əldə edilmə müddəti,
sahibkarlıq fəaliyyətinin növü, həmçinin investisiya layihəsinin
sosial mahiyyəti nəzərə alınmaqla müəyyən olunacaq.
İnvestisiya layihəsinin sosial mahiyyəti deyildikdə Dövlət
Məşğulluğu Agentliyi tərəfindən özünüməşğulluq çərçivəsində
işaxtaran və işsiz kimi qeydiyyata alınan şəxslərin dövlət
tərəfindən yaradılan aqroparkın rezidenti kimi qeydiyyata alınması
və orada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəzərdə
tutulacaq.
Haqqın məbləği dövlət tərəfindən yaradılan aqroparkın
rezidentləri tərəfindən sahibkarlıq fəaliyyətinin həyata
keçirilməsinə dair idarəedici təşkilatla müqavilə bağlanmasından
sonrakı 12 ayın bitməsindən sonrakı 30 təqvim günü ərzində
idarəedici təşkilatın bank hesabına köçürmə yolu ilə
ödəniləcək.
Haqqın məbləği dövlət tərəfindən yaradılan hər aqroparka
münasibətdə ayrıca müəyyən olunacaq.
Haqqın məbləği:
- birillik əkinlər (tərəvəzçilik təsərrüfatları istisna olmaqla)
və yem bitkiləri üzrə birinci ildən 100 faiz məbləğində
hesablanacaq; - çoxillik əkmələr (sosial bağçılıq istisna olmaqla) üzrə 1-3
illər ərzində 20 faiz, dördüncü və beşinci illər ərzində 60 faiz,
altıncı ildən başlayaraq 100 faiz məbləğində hesablanacaq; - sosial bağçılıq üzrə 1-3-cü illər ərzində 0 faiz, dördüncü və
beşinci illər ərzində 60 faiz, altıncı ildən başlayaraq 100 faiz
məbləğində hesablanacaq; - tingçilik təsərrüfatları üzrə birinci il ərzində 18 faiz,
ikinci ildən 100 faiz məbləğində hesablanacaq; - tərəvəzçilik təsərrüfatları üzrə birinci il ərzində 44 faiz,
ikinci ildən 100 faiz məbləğində hesablanacaq; - örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik üzrə
birinci il ərzində 44 faiz, ikinci ildən 100 faiz məbləğində
hesablanacaq; - müasir heyvandarlıq və quşçuluq kompleksləri, müasir
balıqyetişdirmə təsərrüfatları, kənd təsərrüfatı məhsullarının
emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən
məhsulların saxlanılması, çeşidlənməsi və satışı üzrə obyektlərin
tikintisi müddətində 33 faiz, fəaliyyətə başladığı ildən 100 faiz
məbləğində hesablanacaq.
Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul edilib,
noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib,
noyabrın 21-də qüvvəyə minib.

