
Bakı. Trend:
24 noyabr 2025-ci il tarixində Çin Xalq Respublikasının
Azərbaycan Respublikasındakı Səfirliyinin, Xəzər Rayon İcra
Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə
Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 1 saylı 18 yaşınadək
əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində
xeyriyyə tədbiri keçirilib.
Trend xəbər verir ki,
tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı
səfiri Lu Mey, Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi
Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin icra başçısı Elşən
Salahov, eləcə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin
İdarə Heyətinin sədr müavini Faiq Ağayev iştirak ediblər.
Müəssisə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial
reabilitasiya, sosial adaptasiya və asudə vaxtın təşkili kimi
xidmətlər göstərir, onların cəmiyyətə inteqrasiyasına dəstək
məqsədi daşıyır.
Tədbir çərçivəsində əqli və fiziki sağlamlığı məhdud uşaqlarla
görüş keçirilmiş, Çin Xalq Respublikasının Azərbaycan
Respublikasındakı Səfirliyi tərəfindən müəssisəyə hədiyyə olunan
planşetlər uşaqlara təqdim olunmuş və mədəni proqram təşkil
olunub.
Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu
Mey çıxışında Azərbaycan dövlətinin və xüsusilə Heydər Əliyev
Fondunun xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqət və
qayğını yüksək qiymətləndirdiyini vurğulayaraq bu istiqamətdə
əməkdaşlığa görə Azərbaycan Dövlətinə və Heydər Əliyev Fonduna öz
minnətdarlığını bildirişdir.
Bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən
dəstəyin gücləndirilməsi, onların inkişafına və sosial iştirakına
müsbət töhfə vermək məqsədi daşıyıb.

