Sülh gündəliyini Azərbaycan irəli aparır, Avropa isə susur: ikili standartlar daha açıq görünür

Baş səhifə

Bakı.Trend:

Azərbaycan öz ərazilərini özü azad edərək tam suverenliyini
bərpa edib və regionda yeni siyasi reallıq formalaşdırıb.

Bunu Trend
açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib.

O qeyd edib ki, Avropa-Azərbaycan münasibətlərində birinci
tərəfin qeyri-standart yanaşması son 30 ildə davamlı şəkildə
müşahidə olunub:

“Təəssüf ki, xüsusən Avropa Parlamentlərində fəaliyyət göstərən
müxtəlif lobbi qrupları, o cümlədən anti-Azərbaycan dairələri bu
illər ərzində Azərbaycana qarşı müxtəlif istiqamətli təzyiq
mexanizmlərindən, eləcə də parlament platformalarından istifadə
ediblər. Xarici siyasət alətlərində anti-Azərbaycan mövqeyi ilə
seçilən həmin qüvvələr müstəqil siyasət yürüdən və milli
maraqlarını müdafiə edən Azərbaycanı qəbul etmək istəmirlər. Bu
baxımdan, onlar regional maraqlarını dağıdıcı münasibətlər üzərində
və ya özlərinin formalaşdırdığı hakimiyyətlər vasitəsilə qurmağa
çalışırlar. Bu mənada, Ermənistanın müxtəlif mərkəzlərinin və
nümayəndə heyətlərinin Azərbaycana səfəri, özü də Azərbaycan
təşəbbüsü ilə – regionda sülh prosesinin yekunlaşdırılması
istiqamətində vacib addım kimi qiymətləndirilə bilər”.

Ekspertin fikrincə, bölgədə sülhün əldə olunması həm regional
əməkdaşlığa, həm də birbaşa inkişafa xidmət edəcək. Çünki
Azərbaycan və Ermənistanın yerləşdiyi Cənubi Qafqaz regionu Şərqlə
Qərb, Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır:

“Ukrayna-Rusiya müharibəsi, eləcə də Yaxın Şərqdəki
qarşıdurmalar fonunda Azərbaycandan keçən nəqliyyat və enerji
marşrutlarının, o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyəti daha da
artır. Bu kommunikasiyalar bölgənin qlobal ticarət və enerji
xəritəsində rolunu yüksəldir və bundan ən çox faydalanacaq tərəf
Avropadır. Eyni zamanda, Azərbaycan Avropanın təhlükəsizliyi və
enerji təchizatında mühüm tərəfdaşdır. Son dörd ildə Avropanın
üzləşdiyi sınaqlar da bunu açıq şəkildə göstərdi və həmin
böhranların yaranmasında onların öz yanlış xarici siyasət
qərarlarının böyük rolu olduğu ortaya çıxdı. Azərbaycanın mina
təmizlənməsi, müharibə nəticələrinin aradan qaldırılması, bərpa və
Böyük Qayıdış proqramları ilə bağlı fəaliyyətlərində Avropa
İttifaqının ciddi iştirakı müşahidə edilməyib”.

O qeyd edib ki, işğal faktı və nəticələrin aradan qaldırılması
prosesində də Avropanın qurumları kifayət qədər prinsipial mövqe
ortaya qoymadı. Buna görə də Azərbaycan ictimaiyyətinin Avropaya
dair tənqidi mövqeyi kifayət qədər əsaslı və obyektivdir:

“Avropa İttifaqının bölgəyə göndərdiyi missiyanın fəaliyyəti də
bəzən münaqişə risklərini artıran şəkildə təqdim olunur və hətta
xəritələşdirmə proseslərinə təsir göstərə biləcəyi ehtimalları
narahatlıq doğurur. Bu səbəbdən yaxşı olardı ki, Avropa İttifaqı,
ümumilikdə Avropa dövlətləri və müxtəlif Avropa institutları
Azərbaycana qarşı sərgilədikləri ədalətsiz mövqedən imtina
etsinlər. Çünki bu mövqenin nəticələrini onlar qlobal miqyasda
artıq gördülər. Rusiya-Ukrayna müharibəsi bunun açıq
göstəricisidir. Qlobal güc mərkəzlərinin, o cümlədən ABŞ
rəhbərliyinin Avropa barədə səsləndirdiyi fikirlər də həmin
siyasətin mahiyyətini aydın şəkildə ortaya qoyur”.

Siyasi eksperti İlyas Hüseynov isə Trend-ə açıqlamasında
vurğulayıb ki, avqustun 8-də Ağ evdə Azərbaycan və Ermənistan
arasında sülh müqaviləsinin paraflanması Cənubi Qafqazda yeni bir
mərhələni yaradıb:

“Müxtəlif sahələrdə görüşlər, təmaslar təşkil edilir. Bu
yaxınlarda Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri İrəvana
səfər ediblər. Eyni zamanda Ermənistan beyin mərkəzinin
nümayəndələrinin də Azərbaycana səfəri baş tuta bilər. Bütün bunlar
xalqları sülhə hazırlamaq, ictimai diplomatiyanı genişləndirmək və
sülhü qalıcı etmək üçün atılan addımlardır”.

Ekspert qeyd edib ki, Azərbaycan torpaqları işğal altında olanda
Avropa İttifaqı tərəfindən heç bir praktiki addım atılmırdı,
işğalçıya qarşı qətnamələr yetərsiz idi:

“Bu gün Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi istiqamətində
Avropa İttifaqı həmin ölkəni ardıcıl dəstəkləyir, maliyyə
yardımları ayırır. Ukraynanın minatəmizləmə fəaliyyətinə milyonlar
ayrılır. Halbuki Azərbaycanda da genişmiqyaslı minatəmizləmə
fəaliyyəti aparılır, lakin Avropa İttifaqının dəstəyini ölkəmizdə
görmürük. Azərbaycan dəmiryol və avtomobil şəbəkəsini yalnız öz
hesabına həyata keçirir. Bu istiqamətdə Avropa İttifaqı
Azərbaycanın maliyyə yükünə dəstək olmur. Bu da ictimaiyyətdə haqlı
narazılıq yaradan məqamdır”.

İ.Hüseynov bildirib ki, Ermənistan ərazisində Avropa İttiqanın
dırnaqarası mülki missiyasının ölkəmizin ərazisinə hələ də binoklla
baxmasını görürük.

“Binokl diplomatiyası” hələ də davam edir. Ümid edirik ki,
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan
sonra bu missiya öz fəaliyyətini Ermənistanda tam bitirəcək və
regionu tərk edəcək. Bununla da əsl sabitlik və təhlükəsizlik
arxitekturası formalaşacaq”,- deyə o əlavə edib.