
Bakı.Trend:
“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin
texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məqsədilə
keçirilən beynəlxalq tenderin qalibi İtaliyanın “CESI S.p.A.”
şirkəti olub.
Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, layihənin texniki-iqtisadi əsaslandırmasının
birinci mərhələsini icra edəcək “CESI S.p.A.” şirkəti “Yaşıl Dəhliz
Alyansı” MMC üçün məsləhətçi qismində fəaliyyət göstərəcək.
“CESI S.p.A.” energetika sektorunda texniki konsaltinq və
mühəndislik sahəsində 70 ilə yaxın təcrübəyə malik qlobal
şirkətdir. 1956-cı ildə təsis olunan və Milanda yerləşən şirkət
dünyanın dörd qitəsində 70-dən çox ölkədə fəaliyyət göstərir və
enerji sistemlərinin araşdırılması, bərpa olunan enerji
mənbələrinin inteqrasiyası, enerji aktivlərinin idarə edilməsi və
enerji sistemləri arasında elektrik birləşmələrinin
layihələndirilməsi üzrə ixtisaslaşıb. “CESI S.p.A.”-nın əsas
müştəriləri arasında ən iri energetika şirkətləri, elektrik ötürmə
sistemi operatorları və beynəlxalq maliyyə institutları yer alır.
Şirkət “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin
də texniki-iqtisadi əsaslandırmasını həyata keçirir.
Xatırladaq ki, ötən il COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan
və Özbəkistan prezidentlərinin iştirakı ilə üç ölkə arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq
haqqında Hökumətlərarası Saziş imzalanıb. Sazişin icrası məqsədilə
“Yaşıl Dəhliz Alyansı” MMC yaradılıb.

