
Bakı. Trend:
25 noyabr ölkəmizdə Kəlbəcər şəhəri günü kimi qeyd edilir. Bu
gün tariximizdə qururlu və şərəfli bir gündür. Azərbaycan Kəlbəcər
şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsini bir güllə
atmadan işğaldan azad etdi. 44 günlük Vətən müharibəsində ordumuzun
göstərdiyi böyük qəhrəmanlıq, əldə etdiyi tarixi qələbə düşməni
Kəlbəcəri öz sahiblərinə qaytarmağa məcbur etdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.
Deputat bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz Qələbə
nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli
Bəyanata əsasən, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil
verildi.
O qeyd edib ki, Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir:
“İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb
və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın
56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa
məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi,
97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət
evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23
ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil,
yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun
milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır”.
Deputat qeyd edib ki, Kəlbəcər Azərbaycanın dilbər rayonlarından
biri olmaqla yanaşı təbii sərvətlərlə də zəngindir:
“Digər işğaldan azad edilmiş ərazilərdə olduğu kimi Kəlbəcərdə
də bərpa və yenidənqurma işlədi sürətlə davam etdirilir. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı
ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı
təsdiq edilmişdir. Kəlbəcər şəhərində və kəndlərində yaşayış
məntəqələrinin tikintisi davam etdirilir, infrastruktur yenidən
qurulur. Eyni zamanda Kəlbəcər yaşıl enerji istehsalı baxımımından
mühüm əhəmiyyət daşıyır. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın
sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su
elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər
çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3
meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6
meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları
“AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Kəlbəcər
rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng”, 8,8 meqavatlıq “Nadirxanlı”
və 5 meqavatlıq “Çaykənd” kiçik su elektrik stansiyaları
tikilib”.
Deputat əlavə edib ki, Kəlbəcər müalicə-istirahət və turizm
baxımından da əhəmiyyətli ərazidir:
“Rayonda inşa edilən “İstisu” Müalicə-İstirahət Kompleksinin
ümumi sahəsi 80 min kvadratmetr təşkil edəcək. Hazırda Kompleksin
ərazisində 145 nömrədən ibarət olan hotel binasının, 10 kottecin və
5 inzibati binanın tikinti işləri aparılır. Kəlbəcər Azərbaycanın
ən dilbər guşələrindən biri olaraq yenidən bərpa ediləcək və
insanlarımız dogma yurdlarına geri dönəcəklər”.

