Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin (İDF) baş qərargah rəisi Eyal Zami
HƏMAS hərəkatının 7 oktyabr 2023-cü ildə sərhədyanı rayonlara
etdiyi hücumlar zamanı və ondan qabaq yol verilən ciddi səhvlərə
görə bir neçə yüksək vəzifəli zabiti komandanlıqdan
kənarlaşdırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə IDF-in rəsmi bəyanatında
deyilir.
“7 oktyabr (2023-cü il) tarixində IDF İsrail Dövlətinin dinc
əhalisinin müdafiəsini təmin etmək kimi əsas vəzifəsini yerinə
yetirə bilmədi. Bu, həmin hadisələrdən əvvəl və onların gedişində
qəbul edilmiş qərar və fəaliyyətlərlə əlaqəli ciddi, açıq-aşkar və
sistematik xarakterli bir uğursuzluqdur”.
Baş Qərargahın qərarı, IDF-in 13 generalı və digər yüksək
vəzifəli zabitinə şamil edilib. Ehtiyatda olanlar da daxil olmaqla
10 fəaliyyət göstərən komandan vəzifədən azad edilib və ya istefaya
göndərilib. Söhbət ilk növbədə Baş Qərargahın Kəşfiyyat İdarəsinin
(AMAN) sabiq rəhbəri general-mayor Aharon Xaliva, Baş Qərargahın
Operativ İdarəsinin keçmiş rəhbəri general-mayor Oded Basyuk və
Cənub Hərbi Dairəsinə komandanlıq etmiş general-mayor Yaron
Finkelmandan gedir.

