Bakı. Trend:
24 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İran İslam
Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni
qəbul edib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlıq gündəliyi, eləcə də regional məsələlər müzakirə
olunub.
Azərbaycanla İran arasında dost münasibətlərin inkişafında ölkə
liderləri arasında təmasların, o cümlədən mövcud siyasi dialoqun və
Parlamentlərarası əlaqələrin vacibliyi, ümumi maraq kəsb edən
məsələlərin müzakirəsinin əməkdaşlığın genişləndirilməsinə töhfə
verdiyi vurğulanıb. İran İslam Respublikasının Prezidenti Məsud
Pezeşkianın ölkəmizə bu il həyata keçirdiyi iki səfərin
münasibətlərə əlavə təkan verdiyi qeyd olunub.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji
təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar sahələri üzrə
əməkdaşlığın perspektivlərini müzakirə edən tərəflər, xüsusilə
Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin
regionumuzdan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol
oynadığını bildiriblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

