Azərbaycan-Türkiyə əməkdaşlığı təkcə ikitərəfli əlaqələr çərçivəsində deyil, regional sabitlik baxımından da nümunə təşkil edir.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda deyib.
O, Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatdırıldığını vurğulayıb:
“Məlumdur ki, “İki dövlət, bir millət” şüarı ilə qarşılıqlı etimad, həmrəylik və qardaşlıq duyğuları əsasında formalaşan Türkiyə–Azərbaycan münasibətləri prezidentlərimizin ali iradəsi və tarixi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Enerjidən nəqliyyata, müdafiədən mədəni əməkdaşlığa qədər geniş bir sahədə əldə olunan konkret nailiyyətlərlə əməkdaşlığımız təkcə ikitərəfli müstəvidə deyil, regional sabitlik baxımından da nümunəvi bir mərhələyə çatıb. Bu müstəvidə strateji və çoxşaxəli xarakter daşıyan Türkiyə–Azərbaycan münasibətləri intensiv davam edən qarşılıqlı yüksək səviyyəli səfərlərlə yanaşı, müxtəlif səviyyələrdə qurumlararası təmas və əməkdaşlıqları da ehtiva edir. Bu mənada biz tərəfdaş qurumumuz olan BMTM ilə birlikdə ən yüksək siyasi iradəyə uyğun olaraq iki ölkənin beyin mərkəzləri arasında əməkdaşlığın zəruriliyi barədə də ortaq mövqeyə gəlmişik. Bu çərçivədə tədbirlərimizi davamlı bir mexanizmə çevirmək əsas hədəflərimizdən biridir. Forum çərçivəsində əvvəlcə regional kontekstdə aktual məsələləri müzakirə edəcəyik. Ardınca isə beyin mərkəzlərimiz arasında əməkdaşlığın necə genişləndirilə biləcəyini diqqətdə saxlayacağıq”.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

