Nigeriyada katolik məktəbindən 300-dən çox şagird və müəllim qaçırılıb

Baş səhifə

Bakı. Trend:

Afrikanın ən çox əhalisi olan ölkəsi Nigeriyada silahlılar bir
katolik məktəbinə basqın edərək 300-dən çox şagird və müəllimi
oğurlayıb. Bu, ölkədə bir həftə ərzində baş verən ikinci kütləvi
qaçırma hadisəsidir.

Trend xəbər verir
ki, Nigeriya Xristianları Birliyinin açıqlamasına əsasən,
ümumilikdə 303 şagird və 12 müəllim Saint Mary katolik məktəbindən
qaçırılıb. Məlumata görə, oğurlananlar arasında qız şagirdlər də
var.

Nigeriya polisi itkin düşənlərin tapılması üçün əməliyyatlara
başlayıb, yaxınlıqdakı meşə massivləri axtarılır. Hadisədən sonra
Nigeriya Prezidenti beynəlxalq səfərlərini ləğv edərək
təhlükəsizlik qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.




Bir neçə gün əvvəl ölkənin şimal-qərbindəki Maqa vilayətində
internat məktəbinə silahlı hücum zamanı 25 məktəbli qızın
oğurlandığı bildirilmişdi.

Bu hadisələr ABŞ Prezidenti Donald Trampın xristianlara qarşı
zorakılıqlara cavab olaraq Nigeriyanı hərbi müdaxilə ilə hədələdiyi
bir dövrə təsadüf edir. Qeyd olunur ki, bu, son 11 ildə ən
irimiqyaslı məktəbli qaçırılması hadisəsidir. Son böyük hücum
2014-cü ildə Boko Haram terror qruplaşmasının Borno vilayətindəki
məktəbə hücumu zamanı qeydə alınmış, həmin vaxt 276 şagird
oğurlanmışdı.