
Noyabrın 23-də İsveçrədə ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə Prezident Donald Tramp tərəfindən irəli sürülmüş yeni sülh planının müzakirəsinə həsr olunmuş danışıqlar keçiriləcək.
“Report” xəbər verir ki, bunu DPA Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Tədbirlər çərçivəsində Ukrayna və ABŞ-nin yüksək vəzifəli nümayəndələri gələcək sülh sazişinin mümkün parametrlərini müzakirə edəcəklər. Mövcud məlumata əsasən, 2025-ci ilin noyabrında təqdim olunmuş yeni plan Kiyev tərəfindən müəyyən güzəştləri nəzərdə tutur.
Ukrayna rəhbərliyinin rəsmi resursunda yerləşdirilmiş fərmana uyğun olaraq, Prezident Volodimir Zelenski ABŞ və Rusiya ilə sülhün əldə olunmasına yönəlmiş danışıqlarda iştirak üçün nümayəndə heyəti formalaşdırıb. Nümayəndə heyətinin rəhbəri Prezident Administrasiyasının rəhbəri Andrey Yermak təyin olunub. Heyətə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və xarici işlər nazirinin birinci müavini Sergey Kisliça da daxil olmaqla doqquz yüksək vəzifəli məmur daxil edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

