
Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Gürcüstan arasında
ticarət əməliyyatlarının həcmi 699,4 milyon ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 22,5 milyon ABŞ dolları və ya 3,3% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 1,71%-i həcmində olub.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana
557,4 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 18 milyon ABŞ dolları və ya 3,1%
azdır.
Dövr ərzində Gürcüstana ixrac edilmiş məhsulların 1,586 milyon
ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft
məhsulları təşkil edib. Bu dəyərdə neft ixracının həcmi isə 3 838
tona bərabər olub. Ötən ilin eyni dövründə Azərbaycandan Gürcüstana
sözügedən məhsulların ixracı qeydə alınmayıb.
Beləliklə, Gürcüstan hesabat dövründə Azərbaycanın ən çox neft
ixrac etdiyi ölkələr siyahısında 21-ci pillədə qərarlaşıb.
Eyni zamanda cari ilin ilk 10 ayında Azərbaycandan Gürcüstana
ixrac edilmiş məhsulların 273,6 milyon ABŞ dollarını qeyri-neft
məhsulları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə
39,6 milyon ABŞ dolları və ya 16,9% çoxdur.
Gürcüstana ixrac edilmiş qeyri-neft məhsullarının ümumi ixracda
payı 9,16% paya malik olub. Bununla da Gürcüstan dövr ərzində
Azərbaycanın ən çox 4-cü qeyri-neft məhsulları alıcısı mövqeyində
qərarlaşıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 142,1 milyon ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 40,4 milyon ABŞ dolları və ya 40%
artım deməkdir.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard
ABŞ dolları və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,
19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6
milyard ABŞ dolları və yaxud 15,6% artıb.
Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya
2,5 dəfə azdır.

