
Bakı. Trend:
Bakıda keçirilən “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin
təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda üzv dövlətlər
arasında media sahəsində birgə inkişaf və əməkdaşlıq ilə bağlı Bakı
Bəyannaməsi imzalanıb.
Trend
bəyannamənin mətnini təqdim edir.
“Biz – İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq
Təşkilatının (D-8) üzvlərinin – Azərbaycan Respublikasının,
Banqladeş Xalq Respublikasının, Misir Ərəb Respublikasının,
İndoneziya Respublikasının, İran İslam Respublikasının,
Malayziyanın, Nigeriya Federativ Respublikasının, Pakistan İslam
Respublikasının və Türkiyə Respublikasının hökumətləri və media
nümayəndələri 2025-ci il noyabrın 21-də “Dialoqun, əməkdaşlığın və
regional həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən birinci
D-8 Media Forumu üçün Azərbaycanın Bakı şəhərində görüşdük.
Biz D-8-in gücləndirilməsinə, onun daha dinamik, nüfuzlu
iqtisadi blok kimi inkişaf etdirməyə yönəlmiş liderliyinə və
dəyərli töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Biz, həmçinin D-8-in bütün üzv dövlətlərinin, xüsusilə
informasiya nazirliklərinin, milli media orqanlarının və media
agentliklərinin Forumun işinə verdikləri fəal və dəyərli töhfələri
yüksək qiymətləndiririk.
D-8-in prinsiplərini bir daha təsdiqləyərək və inkişaf edən
qlobal media müihitində daha fəal əməkdaşlığın getdikcə artan
əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:
Qarşılıqlı anlaşmanı, regional həmrəyliyi və ortaq inkişaf
məqsədlərini təşviq etmək üçün D-8-in üzv dövlətləri arasında media
sahəsində əməkdaşlığı gücləndirməyə sadiqliyimizi bir daha
vurğulayırıq.
D-8 Media Forumunun inklüzivliyi və ortaq məsuliyyəti təmin
etmək üçün D-8 üzv dövlətləri tərəfindən təşkil olunan bir
platforma kimi institutlaşdırılması təklifini qəbul edirik.
Bütün üzv dövlətlərin fəal iştirakı ilə təlim, tədqiqat,
innovasiya, rəqəmsal bacarıqların inkişafı və əlaqələndirilmiş
kommunikasiya təşəbbüsləri üçün Azərbaycan tərəfindən təşkil
olunacaq D-8 Media Mükəmməlliyi Mərkəzinin ən tez zamanda
fəaliyyətə başlamasına çağırış edirik.
D-8-in üzv dövlətlərdə institusional və insan resursları
imkanlarını gücləndirmək üçün D-8 Media Mükəmməlliyi Mərkəzi
vasitəsilə strukturlaşdırılmış potensialın artırılması proqramları,
seminarlar və peşəkar mübadilələrin inkişaf etdirilməsi.
İnformasiya mübadiləsini möhkəmləndirmək, strategiyaları
uyğunlaşdırmaq və birgə məzmunla bağlı təşəbbüsləri dəstəkləmək
üçün milli media orqanları, xəbər agentlikləri və ictimai
yayımçılar arasında əməkdaşlığın gücləndirilməsi.
Proqram mübadiləsi, birgə istehsal, həmçinin mədəniyyət və
təhsil sahəsi ilə bağlı məzmunun paylaşılmasını asanlaşdırmaq üçün
D-8 Ölkələrinin Yayım Assosiasiyasının yaradılması təşəbbüsünün
nəzərə alınması.
D-8-in birgə istehsal və ölkələrarası məlumatların yayılması
üçün D-8 rəqəmsal platformaların yaradılmasının təşviq edilməsi və
bununla da qlobal miqyasda D-8-lə bağlı məlumatlaırn ictimaiyyətə
çatdırılmasının təmin olunması.
Paylaşılan fakt yoxlama mexanizmləri, ortaq yoxlama vasitələri
və sürətli kommunikasiya kanalları vasitəsilə yanlış
məlumatlandırma, dezinformasiya və nifrət nitqinə qarşı mübarizə
aparmaq məqsədilə əlaqələndirilmiş səylərin təşviqi.
Zərərli rəqəmsal məzmuna və qarşıya çıxan risklərə qarşı
kollektiv dayanıqlığın təmin edilməsi üçün beynəlxalq media
təşkilatları, tədqiqat qurumları və qlobal kommunikasiya şəbəkələri
ilə tərəfdaşlığın gücləndirilməsi.
Jurnalistikanın etik standartlarının təmin olunması və bütün
media formatlarında peşəkarlığı, məsuliyyəti və dəqiqliyi özündə
ehtiva edən vahid D-8 davranış kodeksinin hazırlanmasının
dəstəklənməsi.
Üzv dövlətlərdə rəqəmsal baxımdan məlumatlı vətəndaşlığı və daha
təhlükəsiz onlayn mühiti təşviq etmək məqsədilə xüsusilə gənclər və
müəllimlər üçün media savadlılığı təşəbbüslərinin inkişaf
etdirilməsi.
Media texnologiyalarında məsuliyyətli innovasiyanı, həmçinin
məzmun yaradılması, yoxlanılması və idarə olunmasında süni
intellektdən şəffaf və etik istifadənin təmin edilməsinin
dəstəklənməsi.
Jurnalistika institutları və məktəbləri arasında əməkdaşlığın
gücləndirilməsi, təqaüdlərin, akademik mübadilələrin və
jurnalistlər üçün peşəkar inkişafın təşviq edilməsi.
D-8 Media Mükəmməlliyi Mərkəzinin Azərbaycandakı rəhbərliyi ilə
sıx əməkdaşlıq etməyə hazır olduğumuzu bildirir və onun səmərəli
fəaliyyətini dəstəkləmək, ortaq prioritetlərin həyata keçirilməsinə
dəstək vermək və D-8-in bütün üzv dövlətlərində media sahəsində
əməkdaşlığın gücləndirilməsini inkişaf etdirmək üçün kollektiv
öhdəliyimizi bir daha vurğulayırıq.
Biz inanırıq ki, bu Bəyannamənin səmərəli şəkildə həyata
keçirilməsi daha sıx qarşılıqlı əlaqəli, məlumatlandırılmış və
davamlı D-8 media məkanına töhfə verəcək, bu da ölkələrimiz
arasında sülhü, inkişafı və qarşılıqlı anlaşmanı dəstəkləyəcək.
İlk dəfə təşkil olunan D-8 Media Forumunun uğurla keçirilməsi
üçün yüksək səviyyədə həyata keçirilən tədbirlərə görə Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyinə minnətdarlığımızı
bildiririk.

