
Bakı. Trend:
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə
çıxarılır.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.
Bildirilib ki, AYNA sərnişindaşıma xidmətinin keyfiyyətinin
artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü
(Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala,
Bakı–Cəlilabad, Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın,
Bakı–İmişli, Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad,
Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay, Bərdə–Şəki,
Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, Uzuntala kəndi – Zaqatala,
Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində, həmçinin
qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın
57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutlarını
müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər
Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq
edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili
(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq
marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına
dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil
edilir.
Sənədlər 20 dekabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5;
əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt:
[email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat
nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Sınıq Körpü
(Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala və
Bakı–Cəlilabad istiqamətlərində 6 lot üzrə dekabrın 22-də;
Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Cəlilabad, Bakı–Xankəndi–Laçın
və Bakı–İmişli istiqamətlərində 6 lot üzrə dekabrın 24-də;
Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad,
Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay və Bərdə–Şəki
istiqamətlərində 6 lot üzrə dekabrın 30-da;
Gəncə–Qazax və Qazax–Gəncə istiqamətlərində 4 lot üzrə yanvarın
13-də;
paytaxtın 57 nömrəli (Bakıxanov qəsəbəsi – C.Hacıəliyev küçəsi)
və 76 nömrəli (Bakıxanov qəsəbəsi d/st. – “Neftçilər” m/st.)
şəhərdaxili avtobus marşrutları üzrə 2 lotda yanvarın 13-də;
78 nömrəli (Bakıxanov qəsəbəsi, d/st. – Azər Manafov küçəsi),
139 nömrəli (“Koroğlu” NMM – Savalan yaşayış massivi), 189 nömrəli
(“Koroğlu” NMM – Nardaran qəsəbəsi) şəhərətrafı və 500 nömrəli
(Sumqayıt şəhəri – Bakı şəhəri) şəhərlərarası avtobus marşrutları
üzrə, eləcə də Uzuntala kəndi – Zaqatala və Urva kəndi – Qusar
avtovağzalı istiqamətlərində 6 lot üzrə yanvarın 16-da
baxılacaq.
Qeyd edək ki, Sumqayı–Xankəndi–Laçın müntəzəm şəhərlərarası
marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna
qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə
alınmaqla tənzimlənəcək.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan
əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)
marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli
qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində
göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının
artırılmasıdır.

