Baş nazir Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 21-də
Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin
Boqdan-Martin ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Beynəlxalq
Telekommunikasiya İttifaqının Bakıda keçirilən Ümumdünya
Telekommunikasiyanın İnkişafı Konfransının əhəmiyyəti vurğulanıb.
Konfransın Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə
olaraq Azərbaycanda təşkil edilməsi əlamətdar hadisə kimi
qiymətləndirilib, tədbirdə 2500 mütəxəssisin iştirak etdiyi qeyd
olunub.

Bildirilib ki, Konfrans çərçivəsində Bakı şəhərində Beynəlxalq
Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin
açılışının əhəmiyyətinə toxunularaq Mərkəzin region üçün innovasiya
və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəyinə əminlik
ifadə olunub.

Azərbaycanda İKT sektorunun, informasiya və biliklər
iqtisadiyyatının, süni intellektin inkişaf etdirilməsi, rəqəmsal
infrastrukturun genişləndirilməsi, kibercinayətkarlıqla mübarizənin
gücləndirilməsi sahələrində görülən ardıcıl tədbirlər barədə söhbət
açılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İKT
sektorunun inkişafını ölkəmizdə prioritet istiqamət elan edib. Cari
ildə Rəqəmsal İnkişaf Konsepsiyası və 2025-2028-ci illəri əhatə
edən Süni İntellekt Strategiyası təsdiq edilib.

Azərbaycanın bu gün 100 faizlik genişzolaqlı internet əhatə
dairəsi ilə regionda lider mövqe tutduğu diqqətə çatdırılıb.

Yüksək texnologiyaların inkişafının “ağıllı şəhər/ağıllı kənd”
konsepsiyasının tətbiqinə zəmin yaratdığı diqqətə çatdırılıb,
hazırda ölkəmizin işğaldan azad edilmiş ərazilərində bu
konsepsiyaya əsaslanan unikal və innovativ şəhərsalma modelinin
geniş tətbiqi barədə məlumat verilib.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Telekommunikasiya İttifaqı
arasında rəqəmsal transformasiya, kibertəhlükəsizlik, elektron
hökumət və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə
olunub.

Beynəlxalq Telekommunikasiya İttifaqının beynəlxalq təcrübəsinin
xüsusilə rəqəmsal idarəetmə, rəqəmsal bacarıqların artırılması
sahəsində tətbiqinin ölkəmiz üçün faydalı olacağı qeyd edilib.

Eyni zamanda Azərbaycan nümayəndələrinin Beynəlxalq
Telekommunikasiya İttifaqının rəhbər orqanlarında və işçi
qruplarında təmsilçiliyinin artırılması, xüsusilə İttifaqın
Şurasında ölkəmizin üzvlüyünün növbəti müddətə uzadılması və
ikitərəfli əməkdaşlıq gündəliyində duran digər məsələlər ətrafında
müzakirələr aparılıb.