Vergi güzəştlərinin məqsədi konkret sahə üzrə aparılan islahatlar çərçivəsində həmin sahənin inkişafına nail olmaqdır – Elçin Mirzəbəyli

Baş səhifə

Bakı. Trend:

Müzakirəyə çıxarılan bu genişmiqyaslı qanun layihəsi dövlət
idarəçiliyinin müxtəlif sahələrində uzun illər yaranmış normativ
parçalanmanı aradan qaldırmaq və sistemin ümumi effektivliyini
yüksəltmək məqsədi daşıyır. Layihədə edilən hər bir dəyişiklik
konkret sahəyə ölçülə bilən təsir göstərəcək.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin
bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda
dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı
deyib.

Millət vəkili bildirib ki, vergi güzəştləri əbədi tətbiq edilə
bilməz.

“Ümumiyyətlə, güzəştlərin fəlsəfəsində onun konkret sahəsinin
inkişafına xidmət etməsi dayanır. Bu, sosial xarakterli bir aksiya
deyil. Hər hansı sosial xarakterli aksiya həyata keçirilirsə,
dövlət özünün sosial siyasəti çərçivəsində və ya konkret şəxsə
dəstək və yardımı göstərir və göstərə bilər. Vergi güzəştlərinin
məqsədi konkret sahə üzrə aparılan islahatlar çərçivəsində
bilavasitə həmin sahənin inkişafına nail olmaqdan ibarətdir.
Ayrı-ayrı regionlar üzrə həyata keçiriləndə də həmin regionun
spesifikliyi, konkret sahə nəzərə alınmalıdır və dövlət proqramları
çərçivəsində konkret hansı sahənin hansı regionda inkişaf
etdirilməsinə ehtiyacın olduğunu müəyyənləşdirib həmin sahəyə uyğun
olaraq da vergi güzəştləri tətbiq olunmalıdır. Belə olduğu
təqdirdə, şübhəsiz ki, konkret sahənin inkişafına səbəb olur, əks
təqdirdə isə, motivasiya rolunu oynamır, ələbaxımlıq yaradır və
sahibkarı dövlətdən asılı vəziyyətə salır”.

Deputat bildirib ki, Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında”
qanuna edilən dəyişikliklər iqtisadiyyatımızda şəffaflığın
artırılması istiqamətində mühüm addımdır:




“Son illərdə aparılan islahatlar nəticəsində kölgə
iqtisadiyyatının payı 2015-ci illə müqayisədə təxminən iki dəfə
azalıb, lakin potensial tam istifadə olunmayıb. Nağdsız
hesablaşmaların daha geniş tətbiqi dövriyyənin şəffaflığını
artıracaq, gömrük dərəcələrinin hesablanmasında hüquqi
qeyri-müəyyənlikləri aradan qaldıracaq və sahibkarlar üçün daha
sabit iqtisadi mühit formalaşdıracaq. Praktik təsiri isə ondan
ibarətdir ki, vergi daxilolmalarında əlavə 3–5 faiz artım
potensialı yaranır və bu artım birbaşa sosial proqramların
maliyyələşdirilməsinə yönələ bilər.

Son illərdə ölkədə nağdsız ödənişlərin həcmi 10 dəfədən çox
artıb. Lakin qanunvericilikdəki boşluqlar bu dinamikanın
davamlılığını müəyyən qədər məhdudlaşdırırdı. Dəyişikliklər nağdsız
hesablaşmalarda nəzarəti gücləndirir, əməliyyat xərclərini azaldır
və bank sektorunda likvidliyi artırır. Bu isə həm sahibkarlar, həm
vətəndaşlar, həm də dövlət üçün əlavə iqtisadi fayda deməkdir.

Layihənin ən strateji hissələrindən biri də hüquqi mühitdə
harmoniyanın yaradılmasına xidmət edən dəyişikliklərdir. Uzun illər
müxtəlif qanunlarda eyni anlayışlara fərqli təriflərin verilməsi,
eyni mexanizmlərin müxtəlif qaydalarla tətbiqi hüquqi ziddiyyətlərə
və icra prosesində ləngimələrə səbəb olurdu. Bu paket həmin
ziddiyyətləri aradan qaldırır və qanunların tətbiqində vahidlik
təmin edir. Nəticədə dövlət proqramlarının icrası daha
koordinasiyalı olacaq, vətəndaşların hüquqlarının qorunması isə
daha aydın normativ çərçivəyə əsaslanacaq.

Bu qanun paketi həm sosial, həm iqtisadi, həm də institusional
sahədə sistemli modernləşməni nəzərdə tutur. Onun qəbul edilməsi
ilə 350 mindən çox vətəndaşın tibbi təminatı hüquqi cəhətdən
gücləndiriləcək, dövlətin sığorta xərclərinin proqnozlaşdırılması
daha dəqiq olacaq, kölgə iqtisadiyyatına qarşı mübarizə güclənəcək,
büdcə gəlirlərinin artım potensialı genişlənəcək və dövlət
idarəçiliyi vahid, çevik, müasir hüquqi çərçivədə fəaliyyət
göstərəcək.

Bu səbəbdən layihənin birinci oxunuşda qəbul olunması ölkəmizin
sosial-iqtisadi inkişaf strategiyasına tam uyğundur və tam
əsaslıdır”.