Bakı. Trend:
21 noyabr tarixində “Dialoqun, əməkdaşlığın və regional
həmrəyliyin təşviq edilməsi” mövzusunda keçirilən D-8 Media Forumu
çərçivəsində “Məsuliyyətli jurnalistika və rəqəmsal innovasiya”
mövzusuna həsr olunmuş panel sessiya təşkil edilib.
Trend xəbər
verir ki, panel müzakirəyə “AnewZ” beynəlxalq televiziya kanalının
baş redaktor müavini Orxan Amaşov moderatorluq edib. Banqladeş
Mətbuat İnstitutunun Baş direktoru Faruk Vasif Omar, Misirin
“Al-Ahram National Foundation” media qurumunun “Al-Ahram Weekly” və
“Al-Ahram Online” nəşrlərinin baş redaktoru Ezzat İbrahim,
İndoneziyadan rəqəmsal biznes və media innovasiyası üzrə ekspert
Ferdian, İrandan Press TV-nin Beynəlxalq əlaqələr üzrə direktoru,
jurnalist Elham Abedini isə spiker qismində çıxış edərək müasir
media mühitində məsuliyyətli informasiya istehsalı və rəqəmsal
transformasiyanın yaratdığı imkanlar barədə fikirlərini
bölüşüblər.
Sessiya zamanı iştirakçılar rəqəmsal platformaların artan təsiri
fonunda dəqiq, yoxlanılmış və etibarlı məlumatların təqdim
olunmasının əhəmiyyətini vurğulayıblar. Müzakirələrdə medianın
yenilənən texnoloji trendlərə uyğunlaşması, informasiyanın qlobal
miqyasda sürətli dövriyyəsi şəraitində jurnalistlərin peşəkar
məsuliyyəti, süni intellektin tətbiqi ilə yaranan etik çətinliklər
və yeni nəsil media istehlakı modelləri kimi məsələlər təhlil
edilib. Bildirilib ki, peşəkar jurnalistika prinsiplərinə
sadiqliyin qorunması, məsuliyyətli media fəaliyyətinin təşviq
edilməsi, habelə üzv ölkələr arasında koordinasiyalı fəaliyyətin
gücləndirilməsi D-8 məkanında informasiya təhlükəsizliyinin təmin
olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

