ETX zərərli proqram təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib

Baş səhifə

Bakı. Trend:

Elektron Təhlükəsizlik Xidməti ölkə üzrə bəzi informasiya
sistemlərini hədəfləmiş və istifadəçi giriş məlumatlarının ələ
keçirilməsini təmin edən “infostealer” tipli zərərli proqram
təminatının fəaliyyəti ilə bağlı göstəriciləri müəyyən edib.

Bu barədə Trend-ə ETX-dən məlumat verilib.

Bildirilib ki, ilkin təhlil nəticəsində ölkə üzrə 859 kompüterin
sistemi sözügedən zərərli proqram təminatına yoluxub və həmin
sistemlərdən 54 924 ədəd istifadəçi adı və şifrə məlumatı ələ
keçirilib.




Hazırda Xidmət məlumatların təhlili, potensial qurbanların
müəyyən edilməsi, eyni zamanda mümkün təsir dərəcəsinin
qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində metodoloji
dəstəyin göstərilməsi üzrə aktiv fəaliyyət aparır.

Qeyd edək ki, əldə olunan göstəricilər operativ şəkildə emal
olunaraq aidiyyəti qurumlara birbaşa təqdim ediləcək.

Elektron Təhlükəsizlik Xidməti bütün təşkilat və vətəndaşları
kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə, şübhəli fəaliyyət
halları müşahidə edildikdə 1654 “Qaynar xətt”i və ya [email protected] elektron
poçt ünvanı vasitəsilə məlumat verməyə çağırır.