
Cəbrayıl. Trend:
Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Horovlu
kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Trend-in bölgə müxbiri xəbər
verir ki, Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)
əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların
yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə
tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə
hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat
vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və
Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak
ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində
məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 47 ailə olmaqla, 189
nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində
yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikili və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
xxx
13:46
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Cəbrayıl rayonu
Horovlu kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında
yola salınan ailələr doğma yurdlarına qovuşub.
Trend-in bölgə müxbiri xəbər
verir ki, Cəbrayıl rayonu Horovlu kəndi bu gün 47 ailə olmaqla 189
nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə sevinc göz yaşları
ilə qədəm qoyub və öz doğma yurduna qovuşaraq yaradılan gözəlliyi
seyr ediblər.
Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci
mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3,
4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi –su, işıq, qaz,
Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili
yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220
yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın,
bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb
məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata
keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə
dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə”
kəhrizləri bərpa edilib. Horovlu kəndində 4,4 hektar ərazidə park
kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar
kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq
ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

