Pensiya təminatı sahəsində yeni islahatlara ehtiyac var – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 705 milyon manat
civarında artımın müşahidə olunması, eləcə də dövlət büdcəsindən
asılılığının nisbətən azalması olduqca müsbət tendensiyadır.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar
iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi
haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi
haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Komitə sədri vurğulayıb ki, pensiyalarda nəzərdə tutulan artım,
orta aylıq pensiyanın 590 manata, orta yaşa görə pensiyanın isə 629
manata pronozlaşdırılması ölkənin indiki imkanları ilə
bağlıdır:

“Büdcənin ağırlığının pensiya təminatına yönəldiyini nəzərə
alsaq, yaşa görə pensiya imkanlarının daha da genişləndirilməsinə
ehtiyac var.

Hazırda Azərbaycanda 5,1 milyon məşğul əhali qeydiyyatdan keçsə
də, bunun yalnız təxminən 30-35%-i rəsmi məşğulluq imkanına
malikdir və qeydiyyatdan keçib. Qeyri-rəsmi və müvəqqəti məşğulluq
hələ də geniş yayılıb. Çox vaxt yük işəgötürənlərin üzərinə düşür,
lakin onların da problemləri kifayət qədər böyük olduğundan,
kompensasiya və güzəştlərin məhdud olması səbəbilə minimum
əməkhaqqıların artırılması çətinləşir”.




Millət vəkili bildirib ki, demoqrafik dəyişikliklər də sosial
müdafiə fondunun büdcəsinə birbaşa təsir edir. Qarşıdakı illərdə
ödnəişlərin daha da aşağı düşəcəyi proqnozlaşdırılır. BMT-nin
proqnozlarına görə, 2050-ci ildə 65 yaşdan yuxarı əhalinin artımı
hazırkı 9 %-dən 18 %-ə yüksələcək. Bu da orta uzun ömrün bizdə
qəbul olunduğu 74,6 faizdən 78,6 faizə qalxması, işləyən əhalinin
sayında azalma və pensiya sisteminə daxil olan vəsaitlərin azalması
deməkdir.

“Bütün bunlar fonunda cəmiyyətin əsas gözləntilərindən biri
pensiya kapitalının varisliyidir. Özəl sektorda çalışanlar arasında
bu sahədə aydınlıq və sabitlik istəyi artmaqdadır. Özəl pensiya
fondlarının yaradılması ilə bağlı pilot layihələrin həyata
keçirilməsi məsələyə müsbət təsir edə bilər. Bu yanaşma,
vətəndaşların daha çox stimullaşaraq pensiya sisteminə vəsait
ödəməsinə də yol aça bilər.

Silənin tək işləyən üzvü uzun illər ərzində sığorta haqqı ödəsə
də, pensiya yaşına çatmadan vəfat etdikdə onun ailəsi ciddi sosial
çətinliklərlə üzləşir. Bu cür halların qarşısını almaq üçün
sistemli yanaşmaya və beynəlxalq təcrübəyə uyğun addımlara ehtiyac
duyulur.

Həm iqtisadi dalğalanmalar, həm demoqrafik dəyişikliklər, həm də
qeyri-rəsmi məşğulluq mövcud pensiya sisteminin davamlılığını risk
altına sala bilər. Bu səbəbdən pensiya təminatı sahəsində yeni
islahatlara ehtiyac var. Bu vaxta qədər həyata keçirilmiş
islahatlar bəzən müəyyən narazılıqlara səbəb olsa da, ümumilikdə
sosial sabitliyi təmin edib”. – deyə F.Mustafa vurğulayıb.