
Bakı. Trend:
Fondun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon
manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8
milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.
Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə
fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta
fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin
müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu göstərici 2024-cü illə müqayisədə 1
milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon
manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək
pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına
verilən müavinət xərclərinin payına düşür.
2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün
ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə
782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur. Bunun
81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər
hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların
məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına
düşür.
Proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın
təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə
yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin
isə 629 manata çatması proqnozlaşdırılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə
sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort
müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi
məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait
nəzərdə tutulmuşdur.

