
Bakı. Trend:
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi
Mehdiyev arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Trend xəbər verir ki,
Memorandum tərəflər arasında tələbələrin innovasiya yönümlü
ekosistemin inkişafını və startap təşəbbüslərinin təşviqini,
tədqiqat və təlim layihələrinin birgə həyata keçirilməsini nəzərdə
tutur.
Əməkdaşlıq çərçivəsində tələbələr Dövlət Agentliyinin tabe
strukturlarının fəaliyyət istiqamətinə uyğun olaraq müxtəlif təlim,
mentorluq və inkişaf proqramlarında iştirak edəcək, süni intellekt
sahəsində əməkdaşlıq imkanları, startap və pilot layihələrdə
təcrübə imkanı əldə edəcəklər. Akademik heyət isə tədqiqat
layihələrinə cəlb olunacaq.
Qarşılıqlı əməkdaşlıq tələbələrin praktiki bacarıqlarının
artırılması, innovativ ideyaların reallaşdırılması və dövlət
xidmətlərinin modernləşdirilməsi baxımından mühüm əhəmiyyət
daşıyır.

