Son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı dayandırılıb – XRİTDX

Baş səhifə

Bakı.Trend:

Proxima kimi böyük potensiala malik olan şirkətlər qarşılarına
qoyacaqları məqsədlərdən biri də məhz yerli məhsulların yaradılması
ilə rəqəmsal süverenliyimizə dəstək olmasıdır.

Trend xəbər
verir ki, bu fikirləri bu gün “Kibertəhlükəsizlik Günü” tədbirində
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş
idarə rəisinin müavini Tural Məmmədov deyib.

O, qeyd edib ki, bu həmdə ölkə Prezidentinin İnformasiya
Təhlükəsizliyi ilə bağlı imzaladığı Strategiya ilə də qarşımıza
qoyduğu əsas tapşırıqlardan biridir.

“Yerli məhsulların yaradılması və rəqəmsal süverenliyin
vacibliyini 2 gün öncəki insidentdən də hiss eledik. 9000-dən çox
ölkə saytının fəaliyyətinin dayanmasına bir “Cloudflare” məsələsi
kimi baxmaq yalnış olardı. Bu xüsusən də özəl sektorun xaricdən
asılılığına bariz nümunə idi”.

T.Məmmədov bildirib ki, fəaliyyəti dayanan resursların içində
media resurslarının da xüsusi çəkisinin olması bizi informasiya
müharibəsinə hazırlıq səviyyəmizi də diqqətdə saxlamalı olduğumuza
bir işarədir.




“Aydındır ki, lokal mühafizə həlləri ucuz başa gəlmir. Lakin
dövlətimizin apardığı uğurlu siyasətin davamı olaraq bizim də
həyata keçirdiyimiz informasiya təhlükəsizliyi siyasətində lokal
həllərə üstünlük vermək və mühafizəni maksimal şəkildə lokal təmin
etmək bizim prioritet istiqamətlərimizdəndir”.

O qeyd edib ki, son 3 ildə bir sıra dövlət qurumlarında istifadə
edilən “CloudFlare” kimi trafikin xaricə daşınması halı
tərəfimizdən dayandırılıb və mühafizəsi AzStateNet üzərindən təmin
edilib.

“Ümumilikdə isə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı
AzstateNet üzərinə keçirilərək lokal mühafizəsi təmin olunub.
Həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internet
informasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamanda
xüsusi dövlət rabitəsində də şamil olunur. Belə ki, bugün qlobal
internetə çıxışda ölkəmizdə problem yaşamış olsa əgər bütün dövlət
informasiya ehtiyatları lokal olaraq fəaliyyətlərini davam
etdirəcək”.

T.Məmmədov deyib ki, bütün güc strukturlarını və kritik
infrastrukturları təmin etdiyimiz xüsusi radiorabitə vasitələrimiz
heç bir mobil şəbəkədən asılı olmadan tam funksional bütün ölkə
ərazində fəaliyyət göstərməkdədir.

“Bununla yanaşı dövlət qurumlarına verdiyimiz TİMS tətbiqi də
“Whatsapp” kimi aplikasiyalara alternativ kimi dövlət qurumlarında
aktiv istifadə olunmaqda və xarici asılılığı minimuma
endirməkdədir. Təbii ki, sadaladıqlarım həm görülən işlərin bir
qismi, həm də hələdə görülməsi lazım olacaq işlərin çox az bir
hissəsidir. Buradan bir daha bildirmək istəyirəm ki, yerli
şirkətlərin inkişafı sadəcə onlara təsir etmir, bu həm ekosistemin
inkişafına təkan verir, eləcə də bizim də dövlət qurumlarının
təhlükəsizliyi üçün atacağımız bütün addımlara dolayı yolla böyük
təsir göstərir”,- deyə Tural Məmmədov əlavə edib.