Müğənni Rəqsanə ev dustaqlığına buraxılıb, zərərin müəyyən hissəsi ödənilib – YENİLƏNİB

Baş səhifə

Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

APA xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.

Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.

APA-nın əldə etdiyi məlumata görə, dəymiş zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən R.İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

***

17.31

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə vəsarətə baxılır.

APA xəbər verir ki, bununla bağlı Sabunçu rayon Məhkəməsində iclas keçirilir.

Məhkəmə qərar vermək üçün müşavirəyə gedib.

Qeyd edək ki, bu il avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.