TAP vasitəsilə qaz nəqli üçün qeydiyyatdan keçmiş şirkətlərin sayı 3-dən 46-a yüksəlib

Baş səhifə

Bakı. Trend:

Son beş ildə TAP vasitəsilə qaz nəqli üçün qeydiyyatdan keçmiş
şirkətlərin sayı 3-dən 46-ya yüksəlib.

Bunu TAP direktorlar şurasının sədri Murad Heydərov TAP-ın
kommersiya istismarının beşilliyi münasibətilə Trend-ə verdiyi özəl
müsahibədə bildirib.




“Bu şirkətlər böyük Avropa və regional enerji şirkətləri,
ticarət qurumları və kommunal müəssisələrdən ibarət geniş bir
spektri əhatə edir. Yeni iştirakçıların çoxu Yunanıstan və
Bolqarıstanda – TAP-ın bir-biri ilə əlaqələndirdiyi bazarlarda –
aktiv fəaliyyət göstərir. Bu isə İtaliya və Qərbi Avropadan
Cənub-Şərqi Avropaya yeni qaz axınlarını dəstəkləyir. Müştərilərin
məmnunluq səviyyəsi yüksək olaraq qalmaqdadır: son sorğular həm
uzunmüddətli tərəfdaşlar, həm də yeni iştirakçılar arasında
rəylərin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir”, – deyə o
əlavə edib.

Xatırladaq ki, TAP 2020-ci il dekabrın 31-də ilk qaz həcmlərinin
nəqlini həyata keçirib. TAP-ın illik ötürücülük qabiliyyəti 10
milyard kubmetr təşkil edir və onun 20 milyard kubmetrə qədər
artırılması imkanı nəzərdə tutulub. 2024-cü ilin yanvarında TAP
üzrə tədarüklərin 2026-cı ilə qədər əlavə 1,2 milyard kubmetr
artırılması təsdiqlənib.