Bakı. Trend:
Polşanın ardınca daha bir Avropa ölkəsi – Rumıniya hava
sərhədinin naməlum pilotsuz uçuş aparatları tərəfindən pozulması
səbəbilə qırıcı təyyarələrini havaya qaldırıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin
mətbuat xidməti bəyanat yayıb.
Qurumun bildirdiyinə görə, Rumıniya ərazisinə pilotsuz
aparatlarının qalıqları düşüb. Radar ilk dəfə dron siqnalını
Rumıniyanın hava məkanından səkkiz kilometr məsafədə – Tulça
dairəsinin Periprava və Kiliya Veke kəndləri yaxınlığında qeydə
alıb.
Bundan sonra pilotsuz aparatın siqnalı radarlardan itib, lakin
Rumıniya Müdafiə Nazirliyi bildirir ki, o 12 dəqiqəlik fasilələrlə
Qalats dairəsinin kəndləri yaxınlığında yenidən görünüb.
Bundan əvvəl Polşa Ukrayna sərhədi yaxınlığında pilotsuz
aparatların görünmə təhlükəsi ilə bağlı qırıcı təyyarələri havaya
qaldırmışdı. Bundan başqa, hava hücumundan müdafiə və radiolokasiya
kəşfiyyatı üzrə yerüstü vasitələr də ən yüksək döyüş hazırlığı
vəziyyətinə gətirilmişdi.

