
Bakı. Trend:
“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində
yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət
alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslərin
cinayət işi üzrə məhkəmə proosesi yekunlaşıb.
Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm
oxunub.
Hökmə əsasən, təqsirləndirilən hər iki şəxs – Tağı İbrahimov və
Toğrul Rzayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən ilin yanvarın 15-də paytaxtın Bakının
Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin
ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23
nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan
partlayış baş verib. Fakt əsasında Baş Prokurorluğun Kriminalistika
və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü
Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata
keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın
təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş
şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin
ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində
olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır
nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli
miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən
edilib.
Toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin
213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və
225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi
vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması
ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda)
maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi
ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində
müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə
həbs qətimkan tədbiri seçilib.

