
Bakı. Trend:
2018-ci ildən başlayaraq vergi-gömrük və əmək bazarı sahəsində
islahatlara start verilmiş və 2019-2025-ci illərdə ölkə
iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur
dəyişiklikləri baş vermişdir. 2019-2025-ci illər ərzində
qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki
58%-dən cari ilin son tarixinə 70%-ə yüksəlmişdir.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov
Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının
2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi
zamanı deyib.
Nazir bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə
alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3%
artması gözlənilir ki, bu da strategiya ilə müəyyən edilmiş
diapazon (3-4%) çərçivəsindədir. ÜDM-in artımı tamamilə
qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu
sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir ki,
bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası
ilə müəyyən olunmuş hədəfdən (5%) 1,1 faiz bəndi yüksəkdir.
2019-2025-ci illərdə orta illik artım templəri üzrə lider
sahələr – informasiya və rabitə (11%), qeyri-neft-qaz sənayesi
(9,7%), nəqliyyat və anbar təsərrüfatı (7,8%) olmuşdur. Nisbətən
aşağı orta illik artım templəri isə tikintidə (4,4%), turizmdə
(4,1%), kənd təsərrüfatında (3,2%), ticarətdə (3,0%), sosial və
digər xidmətlərdə (2,9%) olmuşdur.
O həmçinin vurğulayıb ki, 2025-ci ilin gözlənilən göstəricisi
nəzərə alınmaqla, 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunda
ÜDM-in nominal həcmi 2 dəfə, real həcmi isə 1,4 dəfə
böyümüşdür.

