
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov Efiopiya Federativ Demokratik
Respublikasına işgüzar səfəri çərçivəsində Efiopiyanın Baş naziri
Abiy Ahmed Ali, Prezident Taye Atske Selassi, Parlamentin sədri
Tagesse Çafo və xarici işlər naziri Gedion Timotheos ilə görüşlər
keçirib.
Trend xəbər
verir ki, aparılan danışıqlar zamanı iki ölkə arasında
münasibətlərin indiki durumu və inkişaf imkanları ətraflı şəkildə
müzakirə olunub. Ölkəmizin Afrika qitəsi ilə əlaqələrin
genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulayan Elçin
Əmirbəyov, Efiopiya ilə son zamanlar ikitərəfli və çoxtərəfli
müstəvidə müxtəlif sahələrdə dinamik inkişaf edən əməkdaşlıqdan
məmnunluğunu ifadə edib, münasibətlərin təkmilləşdirilməsi üçün
mühüm potensialın mövcud olduğunu qarşı tərəfin diqqətinə
çatdırıb.
Prezidentin nümayəndəsi ötən ilin noyabr ayında COP29
çərçivəsində hər iki ölkə Prezidenti arasında Bakıda baş tutan
görüşün xüsusi önəmini qeyd edib. Sözügedən görüşün ikitərəfli
əməkdaşlığın konkret sahələrini müəyyən etdiyini xatırladan
E.Əmirbəyov, ondan sonra baş tutmuş yüksək səviyyəli nümayəndə
heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasında Azərbaycan
tərəfinin Efiopiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu
bildirib. Bu xüsusda, Efiopiyanın Baş nazirinə ölkəmizə səfərə dair
Prezident İlham Əliyevin dəvəti diqqətə çatdırılıb.
Baş nazir Abiy Ahmed Ali Azərbaycan Prezidenti İlham Əliyevə
dəvətinə görə öz təşəkkürünü bildirib və ölkəmizə məmnuniyyətlə
səfər edəcəyini bildirib. Azərbaycanın Efiopiyada müxtəlif
istiqamətlərdə apardığı fəaliyyəti yüksək qiymətləndirən Baş nazir,
ölkəmizi etibarlı və səmimi dost hesab etdiyini vurğulayaraq,
xüsusilə “ASAN Xidmət” modelinin tətbiqi vasitəsilə ölkəsində
ictimai və dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına verdiyi
töhfəyə görə rəsmi Bakıya minnətdarlığını ifadə edib. Baş nazir
ölkələrimiz arasında kənd təsərrüfatı, mədən sənayesi, təhsil,
müdafiə və hərbi sənaye, bərpa olunan enerji, ticarət və sərmayələr
sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensial
olduğunu nəzərə çatdıraraq bütün bu istiqamətlərdə Azərbaycanla sıx
işləməyə hazır olduğunu bildirib.
Baş nazir, həmçinin Azərbaycanın COP29-da qazandığı uğurlu
təcrübəsinə istinad edərək COP32-nin təşkilində Efiopiyaya dəyərli
dəstək göstərilməsini xahiş edib. Elçin Əmirbəyov, öz növbəsində,
COP32-yə sədrlik etməsinə dair qəbul edilmiş qərar münasibətilə
qarşı tərəfi təbrik edib və Azərbaycanın müvafiq tədbirin təşkili
ilə bağlı Efiopiya ilə təcrübə və məlumat mübadiləsi aparmağa hazır
olduğunu vurğulayıb.
Görüş ərzində qarşı tərəf Ermənistanla münasibətlərin
normallaşma prosesi üzrə əldə olunan irəliləyiş münasibətilə
Azərbaycan tərəfinə səmimi təbriklərini çatdıraraq, Prezident İlham
Əliyevə dərin hörmət və ən xoş arzularını ifadə edib.
Prezident Taye Atske Selassi keçən il Bakıda Azərbaycan
Prezidenti ilə keçirdiyi səmimi və səmərəli görüşü xatırladaraq
bildirib ki, həmin fikir mübadiləsi iki ölkə arasında
münasibətlərin yeni mərhələyə yüksəlməsinə vacib təkan verib.
Prezident dost saydığı Azərbaycanla ikitərəfli əlaqələrin
inkişafına öz tərəfindən hər cür dəstək verməyə hazır olduğunu dilə
gətirib.
Xarici işlər naziri Gedion Timotheos sadiq tərəfdaş kimi
Azərbaycanla əməkdaşlığın institusional əsasda hüquqi bazasının
zənginləşdirilməsinə və həmin əməkdaşlığın yeni, praktiki sahələrlə
təkmilləşdirilməsinə marağını ifadə edib.
Parlamentin spikeri Tagesse Çafo ilə görüşdə E.Əmirbəyov xalqlar
arasında əlaqələrin gücləndirilməsi baxımından parlamentlərarası
təmasların vacibliyinə toxunub. Spiker son dövrlərdə dostluq
qrupları vasitəsilə ikitərəfli parlament əməkdaşlığında müşahidə
olunan müsbət dinamikanı yüksək qiymətləndirib və parlamentlərarası
əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatlarda
genişləndirilməsinə maraqlı olduğunu səsləndirib.
Səfər çərçivəsində həmçinin Afrika İttifaqı Komissiyasının sədri
Mahmud Ali Yusuf ilə görüş keçirilib. Görüşdə E.Əmirbəyov
Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun
On Üçüncü Sessiyasında iştirak məqsədilə sədrə ünvanladığı
dəvətnaməni diqqətə çatdırıb. Azərbaycan tərəfinin Qoşulmama
Hərəkatına sədrliyi ərzində Afrika İttifaqına üzv ölkələrlə
əlaqələrin inkişaf etdirilməsinin prioritet sahələrdən biri təşkil
etdiyi qeyd olunub.
Bunun müqabilində, qarşı tərəf Azərbaycanın Afrika qitəsi
ölkələrinə humanitar yardım, habelə rəqəmsal innovasiya, dövlət
xidmətlərinin transformasiyası, səhiyyə, təhsil, qabaqcıl rabitə və
bir sıra digər istiqamətlərdə göstərdiyi səmimi və dəyərli dəstəyə
görə minnətdarlığını ifadə edib. Sədr ölkəmizlə münasibətlərin
institutsionallaşdırılması üzrə fəaliyyət göstərməyə hazır olduğunu
qeyd edib. Görüş zamanı Afrika İttifaqı ilə Azərbaycan arasında
strateji əlaqələrin genişləndirilməsinə yönəlik perspektivli
çərçivə sazişinin hazırlanmasına niyyət ifadə olunub.
Danışıqlar zamanı E.Əmirbəyov Efiopiya tərəfini Azərbaycan və
Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində
görülən işlər, regionda dayanıqlı sülhün təmin edilməsi üçün atılan
addımlar barədə ətraflı məlumat verib. Bu kontekstdə, Zəngəzur
dəhlizinin, o cümlədən Beynəlxalq Sülh və Rifah üçün Tramp
Marşrutunun Cənubi Qafqazın tranzit potensialının
gücləndirilməsinə, o cümlədən regionda sülhün və təhlükəsizliyin
təmin olunmasına töhfəsi baxımından strateji əhəmiyyəti izah
olunub.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Efiopiyanın
aparıcı beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr İnstitutunun
təşkilatçılığı ilə Azərbaycan-Afrika İttifaqı, eləcə də
Azərbaycan-Efiopiya münasibətləri, Cənubi Qafqazda baş verən
geosiyasi proseslər, “Orta Dəhliz” və Şimal-Cənub nəqliyyat
dəhlizləri üzrə Azərbaycanın rolu barədə geniş təqdimatla çıxış
edib və iştirakçıların suallarını cavablandırıb.
Görüşlərdə Elçin Əmirbəyov Ermənistanın təxminən 30 il davam
edən işğal siyasətinin nəticəsi kimi Azərbaycanın mədəni irs
abidələrinin dağıdılması və ölkəmizin genişmiqyaslı mina problemi
barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, bu mövzulara dair
nəşrləri onlara təqdim edib.
Səfər çərçivəsində, Elçin Əmirbəyov həmçinin Efiopiyanın nüfuzlu
media qurumu “FANA TV”yə müsahibə verib.

