ABŞ Cənubi Qafqazda ticarətin təşviqi üçün iqtisadi alətlərdən istifadə edir – “New Lines Institute”

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazda yeni strategiyası
diplomatik təşəbbüsləri iqtisadi və enerji alətləri ilə
birləşdirərək, ticarət və investisiyanın təşviqinə şərait
yaradır.

Trend xəbər verir
ki, bunu bu gün “New Lines Institute”un analitik inkişaf və tədris
üzrə baş direktoru Yucin Çausovski Bakıda keçirilən Azərbaycan-ABŞ
beyin mərkəzlərinin I forumunda deyib.

Onun sözlərinə görə, ABŞ xarici siyasətində tranzaksiya yönümlü
yanaşmanı fəal şəkildə tətbiq edir, diplomatik səyləri iqtisadi
alətlərlə, o cümlədən strateji sahələr üçün xüsusi əhəmiyyət kəsb
edən kritik minerallara və enerji resurslarına çıxış imkanları ilə
birləşdirir.

“Hazırda biz, ABŞ-nin iqtisadi və diplomatik fəaliyyətinin
strateji sahələr üçün kritik minerallara və enerji resurslarına
çıxışı təmin etməyə imkan verdiyini, həmçinin investisiya və
regional ticarət üçün yeni imkanlar açdığını görürük”, – deyə
Çausovski vurğulayıb.

O, həmçinin diplomatiyanın iqtisadi alətlərlə birləşdirilməsinin
rolunu qeyd edib: “Diplomatik təşəbbüslər iqtisadi alətlərlə, o
cümlədən kritik minerallara və enerji resurslarına çıxış imkanları
ilə dəstəkləndikdə, region ölkələrinə ABŞ-nin əməliyyat yönümlü
strategiyasından öz xeyirlərinə istifadə etməyə şərait
yaradır”.

Ekspert əlavə edib ki, belə bir strategiya regional
münaqişələrin aradan qaldırılmasına və Mərkəzi Asiyanın
uzunmüddətli iqtisadi inkişafı və qlobal ticarət şəbəkələrinə
inteqrasiyası üçün lazımı şəraitin yaradılmasına xidmət edir.