Tural Əliyev “Yaşıl Dəhliz Birliyi” MMC-nin yeni Baş direktoru təyin edilib və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəlinib.
“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirlikdə “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC nümayəndələrinin iştirakı ilə keçirilən ümumi yığıncağında bildirilib.
Energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.
Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər imzalanıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

