
Bakı. Trend:
Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin
iştirakçıları olan “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi
Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC
nümayəndələrinin ümumi yığıncağı keçirilib.
Bu barədə Trend nazirliyə istinadən xəbər verir.
Məlumata görə, energetika nazirinin müavini Orxan Zeynalov
“Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin
əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı
yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl
Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb
etdiyi bildirilib.
Yığıncaq zamanı iştirakçılar Tural Əliyevin “Yaşıl Dəhliz
Birliyi” MMC-nin yeni Baş direktoru təyin edilməsi və şirkətin
nizamnamə kapitalının artırılması barədə razılığa gəliblər. Bununla
yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün
məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər
ətrafında müzakirələr aparılıb.
Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər
imzalanıb.

