
Bakı. Trend:
17 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının İdarə
Heyətinin növbəti iclası keçirilib.
Bu barədə Trend-ə Qərbi Azərbaycan İcmasından məlumat
verilib.
Bildirilib ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan
İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz
Ələkbərli Prezident İlham Əliyevin 03 noyabr 2025-ci il tarixində
AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin Qərbi
Azərbaycan İcmasının fəaliyyətinə yeni məsuliyyət yükü əlavə
etdiyini vurğulayıb. O, son illər ərzində İcma tərəfindən ölkənin
şəhər, rayon və kəndlərində Qərbi Azərbaycan mövzusunda
genişmiqyaslı tədbir və layihələrin həyata keçirildiyini diqqətə
çatdırıb, İcmanın gələcək fəaliyyətinin prioritet istiqamətləri
üzərində dayanıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli
Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu
çıxışında dövlət başçısının son bəyanatlarından sonra İcmanın
fəaliyyətində yeni mərhələnin başlandığını qeyd edib və qarşıdakı
dövr üçün strateji hədəflərə toxunub.
Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, tanınmış
dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə
prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova
Qərbi Azərbaycana qayıdış prosesinin beynəlxalq hüquq normaları
əsasında hüquqi, təşkilati və ideoloji hazırlığının əhəmiyyətini
vurğulayıb. O, ali təhsil müəssisələrində mövzuya dair
konfransların təşkilinin faydalı olacağını qeyd edib, Qərbi
Azərbaycan TV-nin kanal televiziyasına keçirilməsini, həmçinin
Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materialların
xarici dillərə tərcümə edilərək ölkə xaricində geniş təbliğini
təklif edib.
Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri,
hüquq elmləri doktoru, professor Zahid Cəfərov Qayıdış
Konsepsiyasının beynəlxalq hüquqa və tarixi ədalətə söykəndiyini
bildirərək hüquqşünaslarla tarixçilərin birgə fəaliyyətinin
zəruriliyini qeyd edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə İcmanın
təşkilatlanmasını mühüm siyasi və hüquqi hadisə adlandırıb. O,
Qərbi Azərbaycanda anadan olmuş və ölkənin inkişafında xüsusi
xidmətləri olan ziyalılar barədə kitabların nəşrini, eləcə də Qərbi
Azərbaycan muzeyinin yaradılmasını təklif edib, təbliğat işlərinin
gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Əməkdar jurnalist Həsən Həsənov Qərbi Azərbaycan tarixinin son
illərdə daha dərindən araşdırıldığını bildirib. O, ermənilər
tərəfindən tarixi izlərin silinməsinin Qərbi Azərbaycanın türk
torpağı olması həqiqətini dəyişmədiyini qeyd edib və deportasiya
olunmuş qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tam
hüquqi və mənəvi haqqı olduğunu vurğulayıb.
AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri
Cəbi Bəhramov Qərbi Azərbaycan tarixinin elmi əsaslarla daha geniş
araşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Kamran Bayramov qayıdış hüququnun təmin
edilməsini dövlətin prioritet istiqamətlərindən biri kimi
qiymətləndirərək beynəlxalq təşkilatlar və xarici dövlətlərlə
əlaqələrin gücləndirilməsinin, diplomatik nümayəndəliklərlə
mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti üzərində dayanıb.
Bakı QHT Resurs və Təlim Mərikəzinin sədri Rauf Zeyni həm ölkə
daxilində, həm də beynəlxalq müstəvidə maarifləndirmə işlərinin
genişləndirilməsinin vacibliyini qeyd edərək sosial şəbəkələrdə
mövzunun daha fəal təbliğinin əhəmiyyətinə toxunub.
Tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun elmi
əməkdaşı Nazim Mustafa Qərbi Azərbaycan Ensiklopediyasının
hazırlanması işinə daha geniş miqyasda mütəxəssislərin cəlb
edilməsinin vacibliyini qeyd edib.
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim
Bayramov tarixi qələbədən sonra dövlət qarşısında duran əsas
vəzifələrdən birinin Qərbi Azərbaycandan qaçqın düşmüş
soydaşlarımızın öz dədə-baba yurdlarına dönüşünün təmin edilməsi
olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Elm Komissiyasının
iştirakı ilə regionun tarixi, mədəniyyəti, ədəbiyyatı və görkəmli
şəxsiyyətləri barədə kitabların nəşr edilməsinin vacibliyini
vurğulayıb.
İclasın sonunda Qərbi Azərbaycan İcmasının qarşıdakı dövr üçün
fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyən edilib və
müvafiq işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbul
olunub.

