Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Amerika Birləşmiş
Ştatları (ABŞ) arasında ticarət əməliyyatlarının həcmi 1,059
milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 19,7 milyon ABŞ dolları və ya 1,9% çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 2,59%-i həcmində olub. Bununla da ABŞ hesabat
dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı
ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Amerika
Birləşmiş Ştatlarına 52,7 milyon dollarlıq məhsul ixracı qeydə
alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,8 milyon ABŞ
dolları və ya 2,2 dəfə azdır.




Eyni zamanda, hesabat dövründə ABŞ-dən Azərbaycana 1 milyard ABŞ
dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 85,5 milyon ABŞ dolları və ya 9,3%
artım deməkdir. Bununla da hesabat dövründə ABŞ Azərbaycanın ən çox
məhsul idxal etdiyi ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard
ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,
19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6
milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya
2,5 dəfə azdır.