AYNA-dan Bakı-Sumqayıt yolundakı yeni avtobus zolağı ilə bağlı AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA)
tərəfindən Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən
Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı
yaradılıb. Yeni avtobus zolağı ilə bağlı sosial şəbəkələrdə
avtomobil sürücülərinin narazılıqlarını ifadə edən videolar əks
olunub. Sürücülər iddia ediblər ki, avtobuslar yeni zolaqdan nadir
hallarda keçir, bununla da digər minik vasitələrinin istifadə
etdiyi həmin yol daralır və nəticədə tıxac yaranır.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq AYNA-dan bildirilib
ki, Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm
Ağayev küçəsinədək olan hissəsində təşkil edilən xüsusi hərəkət
zolağı ilə hazırda gün ərzində 960 dəfə avtobus hərəkət edir:

“Nəticədə 90.000-dən çox ictimai nəqliyyat istifadəçisinin
rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına
şərait yaranıb.Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 199,
500, 503, 508, 594 nömrəli marşrutlar da daxil olmaqla ümumikdə 9
marşrut fəaliyyət göstərir”.




Qurumdan bildirilib ki, təşkil edilən xüsusi hərəkət zolağı ilə
hərəkət edəcək marşrut və avtobus sayının artırılması nəzərdə
tutulub:

“Bu da Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi
istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına
müsbət təsir edəcək. Qeyd edək ki, bu ərazidəki məsafəni avtobuslar
pik saatlarda 15 dəqiqəyə getdiyi halda, xüsusi zolağın təşkilindən
sonra həmin məsafəni ictimai nəqliyyat vasitələri 4 dəqiqəyə qət
edir”,- AYNA-dan əlavə edilib