
Bakı. Trend:
Rusiyanın sabiq Baş naziri Mixail Kasyanov Rusiyada terrorçular
və ekstremistlərin siyahısına daxil edilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə məlumat “Rosfinmonitorinq”in
rəsmi saytında yer alır.
“Kasyanov Mixail Mixayloviç, 12.08.1957-ci il təvəllüdlü, Moskva
vilayəti”, — deyə bazada terrorçuların siyahısında göstərilir.
Ötən ilin noyabrında “Rusiya Veteranları” hərəkatının
iştirakçıları Baş Prokurorluğa müraciət edərək Kasyanovdan
Moskvanın mərkəzindəki 700 milyon rubl dəyərində olan mənzilin
alınmasını tələb etmişdilər.
Həmin ayın özündə sabiq Baş nazir xarici agentlərin fəaliyyəti
ilə bağlı qanunun pozulmasına görə inzibati məsuliyyətə cəlb
olunmuşdu. Moskvanın Tağanski rayon məhkəməsi onu təqsirli bilmiş
və 45 min rubl məbləğində cərimə təyin etmişdi.
2023-cü ilin noyabrında Kasyanov Rusiya hökuməti tərəfindən
xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyinin bildirdiyinə görə,
o Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarının qəbul
etdiyi qərarlar və həyata keçirdiyi siyasət barədə etibarsız
məlumatlar yayıb. Kasyanov hazırda Rusiyada yaşamır.

