Bakı. Trend:
Almaniyanın Nürnberq şəhərində İkinci dünya müharibəsindən
qalmış bombanın aşkar edilməsindən sonra təxminən 21 min sakin
evlərini tərk etməlidir.
Trend-in
məlumatına görə, bu barədə şəhər administrasiyası açıqlama
yayıb.
Təxliyə hava bombasının zərərsizləşdirilməsi üçün nəzərdə
tutulan əməliyyatdan əvvəl həyata keçirilir. Şəhər rəhbərliyi 800
metr radiusda yolların bağlanmasının vacib olduğunu bildirib.
Beləliklə, 21 minədək sakin mənzillərini və evlərini
boşaltmalıdır. Bu, Nürnberqdə müharibədənqalma bomba tapılması ilə
əlaqədar həyata keçirilən ən böyük təxliyə əməliyyatıdır.
Təxminən 450 kiloqram ağırlığında olan bomba Qrossroyt rayonunda
aparılan tikinti işləri zamanı aşkarlanıb. Şəhər rəsmiləri qeyd
edib ki, bombanın zərərsizləşdirilməsinə yalnız bütün sakinlər
təhlükəsiz şəkildə təxliyə edildikdən sonra başlanılacaq.
Məlumata görə, saat 19:30-da (Bakı vaxtı ilə 22:30) polis
yaxınlıqdakı ilk küçələri bağlayıb. Bomba zərərsizləşdirilməsi üzrə
mütəxəssislər və yüzlərlə fövqəladə hallar xidməti əməkdaşı artıq
hadisə yerindədir.

