
Bakı. Trend:
Alimlər gənclər arasında yoğun və düz bağırsaq xərçənginin
qlobal artımının mümkün səbəblərindən birinin yüksək dərəcədə emal
olunmuş qidalar (ultra-processed food -ing) olduğunu müəyyən
ediblər .
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ultra-emal olunmuş qidalar – paketlənmiş qəlyanaltılar,o
cümlədən çipslər, kütləvi istehsal olunan çörəklər,
şəkərləndirilmiş səhər yeməyi dənliləri, hazır əriştələr və
dondurulmuş pizzalar kimi istifadəyə tam hazır məhsullar – son 20
ildə qidalanmada artan paya malikdir.
Son dövrlərdə yaşlılara xas hesab edilən kolorektal xərçənglərin
yaşı əllidən az olan insanlar arasında da paralel artımı müşahidə
edilir. Bu xəstələr çox vaxt xəstəliyin gec mərhələsində diaqnoz
alır və sağ qalma göstəriciləri daha pis olur. Bu isə
tədqiqatçıları dəyişən qidalanma vərdişlərimizin sağlamlığa
təsirini daha yaxından araşdırmağa sövq edir.
Tədqiqat çərçivəsində alimlər ABŞ-də 29 mindən çox qadının
pəhrizlərini və endoskopiya nəticələrini təhlil ediblər. Onların
iyirmi ildən çox sağlamlıq məlumatına çıxışı olub.
Ultra-emal olunmuş qidaları ən çox yeyən qadınlarda yoğun və düz
bağırsaqda yaranan, sonradan xərçəngə çevrilə bilən adenoma – yəni
törəmələr və poliplər – inkişaf etdirmə riski, bu qidalardan az
istifadə edənlərlə müqayisədə 45 faiz daha yüksək olub.
“Artan risk demək olar ki, xətti xarakter daşıyır, yəni nə qədər
çox ultra-emal olunmuş qida yeyirsinizsə, yoğun bağırsaqda polip
yaranması ehtimalı da bir o qədər artır,” – ABŞ-nin Mass General
Briqam Xərçəng İnstitutunun qastroenteroloqu və tədqiqatın
müəlliflərindən biri Dr. Endrü Çen bildirib.

